Millət vəkili Asif Əsgərov Bakı şəhərində yaşayan Vətən müharibəsi şəhidi Hacıyev Sayad Azad oğlunun ailəsini ziyarət edib.

"Unikal" xəbər verir ki, görüş zamanı Vətən uğrunda canını fəda etmiş qəhrəman övladımızın əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub. Şəhid ailəsinin qayğıları ilə yaxından maraqlanılıb, Sayad Hacıyevin şərəfli döyüş yolu, göstərdiyi igidlik və Vətənə olan sonsuz sevgisi barədə səmimi söhbətlər aparılıb. Qeyd olunub ki, şəhidlərimizin ailələri bizim üçün müqəddəsdir və onlar hər zaman dövlətimizin və xalqımızın diqqət və qayğısı ilə əhatə olunurlar.

Həmçinin millət vəkili Asif Əsgərov növbəti vətəndaş qəbulunu Zaqatala rayonunun Bazar kəndində keçirilib. Qəbulda Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, bələdiyyə sədri, məktəb direktoru və kənd ağsaqqalları iştirak ediblər. Qəbul zamanı vətəndaşları daha çox narahat edən məsələlərin yol infrastrukturu, qaz təminatı və ailə-məişət problemləri ilə bağlı olduğu bildirilib. Sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülüb.

Vurğulanıb ki, vətəndaşların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq addımlar atılacaq.

Olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib. 

Sonda şəhid ailəsi və qəbulda iştirak edənlər ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və vətəndaşlara göstərdikləri daim diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.