Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ev 4, mənzil 126-nın sakini Məhərrəmova Aygün Asif qızı tanınmış vəkillər Ceyhun Yusifov və Cavidan Osmanlıdan şikayətçidir.
"Unikal"a açıqlama verən Aygün Məhərrəmova sözügedən vəkillər tərəfindən aldadıldığını bildirib.
Vətəndaş qeyd edir ki, 2014-cü ilin 16 oktyabr tarixində valideynləri tərəfindən (anası Məhərrəmova Fəridə İsmayıl qızı, Məhərrəmov Asif İsmayılxan oğlu) ona verilən etibarnaməyə əsasən, Qaraçuxur qəsəbəsi, ev.4.mənzil 126-nı (134 kvadratmetr) Nikoil banka girov qoyaraq, bankdan 60 ay müddətinə 42 min AZN pul götürüb.
"Təxminən iki il hər ay 1000 AZN (min manat) ödəniş etdikdən sonra məlum oldu ki, etdiyim ödənişlər düzgün hesablanmır. Bu səbəbdən sözügedən bankla bağlı Binəqədi rayon məhkəməsinə müraciət etdim. Məhkəmənin qərarı ilə bankın qanunsuz olaraq, mənim adıma hesabladığı əlavə faizlər silindi. Bankla işimizin məhkəmədə olmasına baxmayaraq, hər ay sabit olaraq, yenə də ödəniş edirdim.
Nikol Bank 2016-cı ildə bağlandıqdan sonra borcumuz Yelobanka köçürüldü. Nikol Banka ümumilikdə 10 min manatdan yuxarı ödəniş etdiyim halda, borcum Yelobanka köçürülərkən, götürdüyüm ilkin məbləğ (42 min manat) borc kimi yenə də mənim üstümdə idi.

2022-ci ilə qədər uzanan məhkəmə proseslərindən sonra, elə həmin il Yelobanka 10 min manat ödəniş etdim. Amma buna baxmayaraq, məndən xəbərsiz, qanunsuz olaraq bank mənzilimi hərraca çıxarıb. Halbuki həmin hərracda mənim öz mənzilimi geri qaytarmaq şansım kifayət qədər yüksək idi. Hərracda iştirakım olmayıb və hərrac barədə mənə heç bir rəsmi, yaxud qeyri-rəsmi bildiriş gəlməyib.
2023-cü ilin oktyabr ayının 11-də mənzilim Suraxanı rayon məhkəmə icraçılarının iştirakı ilə boşaldılıb.
2024-cü ilin iyun ayında vəkil Ceyhun Yusifova müraciət etmişəm. Ceyhun Yusifov mənə bildirdi ki, bu, mənim üçün xırda işdir. Özün bilirsən ki, mən “yuxarılarla” işləyirəm. Amma səni yetirməm olan vəkil Cavidan Osmanlıyla əlaqələndirəcəm. Hətta mənə bildirdi ki, arxayın ol, mənim kimi peşəkar vəkildir. İşim Ceyhun Yusifovun vasitəçiliyi və iştirakı ilə vəkil Cavidan Osmanlıya həvalə edildi. Cavidan Osmanlıdan bu iş üçün nə qədər ödəniş etməli olduğumu soruşanda, Ceyhun Yusifovla məsləhətləşməli olduğunu bildirdi. Ceyhun Yusifov Cavidan Osmanlıya dedi ki, Aygün xanıma daha münasib qiymət de, tanış adamdır. Çünki mən Ceyhun Yusifovu təxminən 10 ildən çoxdur ki, tanıyıram və bu müddət ərzində o,vəkil kimi mənim bir neçə yaxınlarımın işlərini görüb. Ceyhun Yusifov bildirdi ki, bu prosesə çıxmaq üçün Cavidan Osmanlıya 1000 manat ödəniş etməliyəm və əlavə etdi ki, məsələ tezliklə həllini tapacaq. Mən də işimin tezliklə həll olunacağını düşündüyüm üçün hətta “şirinlik” olaraq 200 manat əlavə ödəniş etdim. Yəni ümumilikdə 1200 manatı Cavidan Osmanlıya verdim.
Bir müddət sonra işin gedişatı ilə maraqlananda Cavidan Osmanlı mənə bildirdi ki, hər şey xeyrimizədir və tezliklə mənzilin açarları sizə təhvil veriləcək.
Sonrakı müddətdə müxtəlif bəhanələrlə məndən ümumilikdə 20 min manat pul aldı. Bildirdi ki, bu pul məhkəmədə vəzifəli şəxslərə veriləcək.
2025-ci ilin noyabr ayında Cavidan Osmanlı mənə 2025-ci ilin mart ayının 3-nə aid olan bir sənəd təqdim etdi. Və mən sonradan başa düşdüm ki, Suraxanı rayon məhkəməsinin hakimi Tural Məmmədovun adından olan və mənə təqdim edilən icra vərəqəsi saxtadır. Kağızın üzərindəki QR kodu yoxladıqda, sənədin saxta olduğu üzə çıxdı.

Hazırda 150 min dəyəri olan mənzilimi itirməklə yanaşı, Ceyhun Yusifov və Cavidan Osmanlının əliylə 20 min manat əlavə ziyana uğramışam.
Bu problem səbəbindən 71 yaşlı anamla münaqişə vəziyyətindəyəm. Çünki anam hazırda mənim bu şəxslərə güvənməyimin ucbatından kirayədə yaşayır".
Məsələ ilə bağlı vəkil Cavidan Osmanlının da mövqeyini yayımlamağa hazırıq.
