"Azərbaycan Prezidenti İlham Əliyev uzun müddətdir müdafiə sənayesi sahəsinin inkişafına xüsusi diqqət yetirir. Bu, həm silahlı qüvvələrimizin xarici ölkələrdən asılılığını azaltmaq, həm də ixrac qabiliyyətli məhsulları silah bazarına təqdim etmək məqsədi daşıyır".
Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında bir neçə yeni silahlar dövlət başçısına təqdim edildi:
"Bu silahlar daha əvvəlki illərdə istehsal olunsa da, bu gün onlara tələbat kifayət qədər böyükdür. Təqdim edilən silahlar arasında YST-24 və YST-24N adlı silahları ADEX-2024 sərgisində görmüşdük. Bu silahın çəkisi 3.8 kq, atış məsafəsi isə 1100 metrdir. Silahın patron tutumu 10 ədəddir. Adıçəkilən sərgidə təqdim edilən İPP 12.7 və AH 12.7 adlı pulemyotlar da nümayiş etdirildi. Bu pulemyotların kalibri 12,7 millimetrdir. Pulemyotlar yüngül zirehli texnikalara, Pikap-lara və digər vasitələrə quraşdırıla bilir. Onlar düşmənin canlı qüvvəsini, yüngül zirehli texnikalarını və digər texniki vasitələrini məhv etməyə qadirdir.
Azərbaycan hazırda 15-ə yaxın xarici müdafiə sənayesi şirkətlərinə lisenziya təqdim edib. Onlardan yarısı artıq real istehsal prosesinə başlayıb. Daxili istehsalımız isə 1,4 milyard manatı ötüb. Bu o deməkdir ki, bu il keçiriləcək ADEX-2026 sərgisində kifayət qədər yerli və birgə ortaq istehsal məhsulu olan silah-sursat, texnika və vasitələri ictimaiyyətə təqdim edə biləcəyik".
Anar Kəlbiyev
