ABŞ Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores barəsində “narkoterrorizm” ittihamı irəli sürüb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pam Bondi rəsmi açıqlama verib.

Baş prokurorun sözlərinə görə, Maduro və ona yaxın şəxslər uzun illər ərzində beynəlxalq narkotik şəbəkələri ilə əməkdaşlıq edərək ABŞ ərazisinə böyük həcmdə narkotik maddələrin daşınmasında iştirak ediblər. İddia olunur ki, bu fəaliyyətlər terrorçu və silahlı qruplaşmalarla əlaqəli şəkildə həyata keçirilib və ABŞ-nin milli təhlükəsizliyinə ciddi təhdid yaradıb.

Pam Bondi bildirib ki, sözügedən ittihamlar çərçivəsində Maduro ailəsinin üzvləri və Venesuelanın bir sıra yüksəkvəzifəli rəsmiləri də araşdırma predmetidir. ABŞ Ədliyyə Nazirliyi istintaqın uzun müddətdir davam etdiyini və kifayət qədər sübut toplandığını vurğulayıb.

Açıqlamada qeyd olunub ki, Nikolas Maduro və həyat yoldaşı yaxın vaxtlarda ABŞ məhkəməsi qarşısına çıxarıla bilərlər. Məhkəmə prosesi zamanı onlara qarşı narkotiklərin qanunsuz dövriyyəsi, terrorçu qruplarla əməkdaşlıq və transmilli cinayət şəbəkəsinin idarə olunması kimi ağır maddələr üzrə ittihamların irəli sürüləcəyi gözlənilir.

Rəsmi Karakas isə ABŞ-nin bu addımını qətiyyətlə rədd edərək, ittihamları siyasi motivli və Venesuelaya qarşı təzyiq aləti kimi qiymətləndirib.

Gülayə Mecid