Qız övladı böyütməyin valideynlərin beyin sağlamlığına müsbət təsir göstərdiyi məlum olub. Aparılan elmi araşdırmaya görə, qız uşağı olan valideynlərdə yaşlılıq dövründə demans və zehni zəifləmə riski daha aşağıdır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Hohai Universiteti alimləri tərəfindən aparılan tədqiqat çərçivəsində yüzlərlə yaşlı şəxsin yaddaş və düşünmə qabiliyyəti təhlil edilib. Araşdırmada iştirakçıların ailə strukturu, xüsusilə qız və oğlan övladlarının sayı nəzərə alınıb.
Nəticələr göstərib ki, qız övladı olan valideynlərin zehni göstəriciləri daha yüksəkdir. Alimlər bu vəziyyəti qız uşaqlarının valideynləri ilə daha sıx emosional bağ qurması, onlarla daha çox ünsiyyətdə olması və yaşlılıq dövründə göstərdikləri qayğı ilə əlaqələndirirlər.
Mütəxəssislərin fikrincə, qız övladlarının verdiyi sosial və emosional dəstək beyin funksiyalarının daha uzun müddət sağlam qalmasına kömək edir. Xüsusilə bir qız övladı olan valideynlərdə bu təsirin daha aydın müşahidə edildiyi bildirilib.
Araşdırmada həmçinin qeyd olunub ki, demansın ilkin əlamətləri arasında yaddaş zəifləməsi, diqqətin azalması və məlumatları emal etməkdə çətinlik yer alır. Alimlər sosial münasibətlərin və ailədaxili ünsiyyətin bu riskləri azaltmaqda mühüm rol oynadığını vurğulayırlar.
Tədqiqatçılar ümid edirlər ki, yaxın illərdə demansla bağlı daha effektiv müalicə üsulları tapılacaq və xəstəliyin qarşısının alınması mümkün olacaq.
Gülayə Mecid
