Kaliforniya ştatının şimal hissəsindəki kənd ərazidə sadə bir səhər gəzintisinə çıxan cütlük dəyərli sərvətin sahibi olublar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün itləri ağac dibində torpağı qazmağa başlayıb. Onlar ağacın dibindən təsadüfən Amerika tarixinin ən böyük nümizmatik xəzinəsi hesab olunan “Saddle Ridge Hoard”u tapıblar. 

Daha sonra ərazidə aparılan qazıntılarda ümumilikdə 8 metal qutu və 1847–1894-cü illərə aid 1 427 qızıl sikkə aşkarlanıb. Sikkələr ilkin baxışda təxminən 27 000 dollar dəyərində olsa da, nadir və əla vəziyyətdə olmaları səbəbindən onların bazar dəyəri 10 milyon dollardan çox qiymətləndirilir. Mütəxəssislər bu sikkələrin yaxşı qorunmasının səbəbinin qutuların hava keçirməməsi və torpağın uyğun şəraitdə olması olduğunu bildiriblər. 

Tarixçilər buna dəyərli sərvətləri bankda deyil, torpaqda gizlətmək ənənəsinin 19-cu əsrdə yayılmış bir davranış olduğunu deyirlər. Lakin bu pulun kimə məxsus olduğu və nəyə görə bu şəkildə basdırıldığı hələ də müəmmalı qalır.

ABŞ qanunlarına görə, öz mülklərində tapdıqları xəzinəyə sahib olan cütlük sikkələri mərhələli şəkildə satışa çıxararaq böyük gəlir əldə edib. Gəlirin bir hissəsini muzeylərə bağışlayaraq tarixi əhəmiyyətə malik kolleksiyaların sərgilənməsinə dəstək olublar. 

Gülayə Mecid