İstanbulda Kiçikçəkməcə lövbər rayonunda əlverişsiz hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zəncirinin "Alatepe" tankerinin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı kənar xilasetmə qüvvələrinin müdaxiləsinə ehtiyac yaranmayıb: "Belə ki, "Kəlbəcər" tankerinin heyəti mühərriki işə salaraq, gəmini dayaz sudan çıxarıb və dərin suya təhlükəsiz şəkildə keçid edib. Hadisə nəticəsində gəmiyə ziyan dəyməyib, dəniz mühitinə hər hansı zərər və ya sızma qeydə alınmayıb. Hazırda "Kəlbəcər" tankeri istismara tam hazırdır və növbəti səfər üçün təlimat gözləyir".

***13:42

İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, 141 metr uzunluğunda “KALBAJAR” adlı tanker ilə 115 metr uzunluğunda “ALATEPE” adlı tankerin Küçükçekmece Dəmir Sahəsində bir-birinə toxunduğu barədə məlumat daxil olub.

Gəmilərin sahilə yaxın ərazidə yerləşməsi nəzərə alınaraq, Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə tabe olan quru xilasedici heyəti və “KURTARMA-9” yedək gəmisi dərhal hadisə yerinə göndərilib.

Gülayə Mecid