Amerikalı aktrisa və müğənni Ledi Qaqa "Rolling Stone" jurnalına 2017-ci ildə “Ulduz Doğulur” (“A Star Is Born”) filminin çəkilişlərindən sonra həyatında baş verən dəyişikliklərdən danışıb. 

"Unikal" xəbər verir ki, sənətçi açıqlamasında çəkiliş dövründə ciddi psixoloji çöküş yaşadığını deyib. Onun sözlərinə görə, stress səbəbilə qəbul etdiyi əhval stabilizatorları psixotik sarsıntıya gətirib çıxarıb.

Qaqa etiraf edib ki, filmdə rol aldığı müddətdə litium adlı preparatın təsiri altında olub. Bu dərman adətən bipolyar pozuntunun manik epizodlarını müalicə etmək üçün istifadə olunur.

“Bu, həqiqətən də qorxulu idi. Bir an vardı ki, artıq sağalmayacağımı düşündüm. Mənim həyatda qalmağım bir möcüzədir. Dram kimi səslənir, amma bunun hara aparıb çıxara biləcəyini hamımız bilirdik”, - deyə o bildirib.

Çəkilişlərdən sonra Qaqa psixi sağlamlığı ilə bağlı problemlərə görə xəstəxanaya yerləşdirilib və lazım olan tibbi yardımı alıb.