Misirdə İsrail və Fələstin hərəkatı HƏMAS nümayəndə heyətləri arasında dolayı danışıqlar başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Al Qahera News telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, görüşlər girov və məhbusların azad olunması üçün sahə şəraitinin təşkilini müzakirə etmək məqsədi daşıyır.

Oktyabrın 3-də HƏMAS rəhbərliyi ABŞ prezidenti tərəfindən irəli sürülən planın şərtlərini yerinə yetirməyə hazır olduğunu bəyan edib. Həmin plan bütün israilli girovların azad edilməsini nəzərdə tutur.

Buna cavab olaraq, Donald Tramp İsraili Qəzza zolağına hava zərbələrini dərhal dayandırmağa çağırıb ki, saxlanılan şəxslərin təhlükəsiz azad olunması təmin edilsin.

İsrailin baş naziri Benyamin Netanyahu-nun ofisi isə Trampın planının bütün girovların azad edilməsinə yönəlmiş birinci mərhələsinin dərhal icrasına başlandığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Tramp Qəzza zolağında nizamlanma ilə bağlı aparılan danışıqların bəzi detalları barədə məlumat vermişdi.