Sentyabrın 28-də Sloveniyanın Portoroz şəhərində I Beynəlxalq “Human in Motion” Konqresi işə başlayıb. Nüfuzlu tədbir Koper Elmi-Tədqiqat Mərkəzinin və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə keçirilir. 

"Unikal" xəbər verir ki, konqresdə ASA-nı Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrasının müdiri, r.ü.f.d. Könül Məmmədova, Akademiyanın psixoloqu, p.ü.f.d. Aynur Bünyatova və İdman tibbi tədqiqatları laboratoriyasının psixoloqu Arzu Süleymanova təmsil edirlər.

Konqresin açılışında Trieste Universitetindən professor Canni Biolo əzələ atrofiyasının qarşısının alınması mövzusunda, Padua Universitetindən professor Marko Nariçi isə sağlam qocalmada fiziki aktivliyin rolu haqqında danışıblar.

İlk günün elmi proqramı “Sağlam yaşlanma” mövzusu ilə davam edib. ASA-nın nümayəndələri də müzakirələrdə fəal iştirak edərək öz elmi mövqelərini bildiriblər. Günün sonunda iştirakçılar üçün Portorozda mədəni proqram təşkil olunub. 

Qeyd edək ki, sözügedən konfrans oktyabrın 1-dək davam edəcək.