Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsil müəssisələrinin dayanıqlı inkişaf sahəsində fəaliyyətini qiymətləndirən “QS World University Rankings: Sustainability 2027” beynəlxalq reytinqində yer alıb. Reytinqin dördüncü buraxılışında 107 ölkə və ərazidən 2 003 ali təhsil müəssisəsinin nəticələri dərc olunub. Azərbaycan reytinqdə 9 universitetlə təmsil edilib.

"Unikal" xəbər verir ki, AzTU ümumi sıralamada Azərbaycanda 5-ci, Qərbi Asiyada 133-cü və Asiyada 584-cü yeri bölüşüb. Qlobal sıralamada universitet 1501+ mövqe qrupunda yer alıb.

Sosial təsir kateqoriyası üzrə AzTU Azərbaycan universitetləri arasında üçüncü yeri bölüşüb. Bu kateqoriyaya daxil olan “Təhsilin təsiri” göstəricisi üzrə universitet ölkə sıralamasında birinci yeri tutub. QS bu göstəricini hesablayarkən təhsil və tədqiqatın keyfiyyətini və təsirini, akademik nüfuzu, məzunlara dair məlumatları və ölkə səviyyəli statistik göstəriciləri nəzərə alır.

AzTU “Məşğulluq və imkanlar” və “Sağlamlıq və rifah” göstəricilərinin hər biri üzrə ölkədə ikinci, “Bərabərlik”, “Bilik mübadiləsi” və “Ekoloji tədqiqatlar” göstəricilərinin hər biri üzrə isə üçüncü yeri tutub.

Universitet üç əsas qiymətləndirmə kateqoriyası arasında ən yüksək nəticəsini idarəetmə üzrə göstərib. AzTU bu kateqoriyada dünya üzrə 820-ci yeri bölüşüb. “Ekoloji təhsil” göstəricisi üzrə isə universitet dünya sıralamasında 935-ci yeri bölüşüb.

QS dayanıqlılıq reytinqi universitetlərin fəaliyyətini ekoloji təsir, sosial təsir və idarəetmə olmaqla üç əsas kateqoriya üzrə qiymətləndirir. Metodologiya dayanıqlı inkişafla bağlı təhsil və tədqiqat fəaliyyətini, bərabər imkanların təmin edilməsini, məzunların məşğulluq imkanlarını, həmçinin universitetlərin qərarvermə prosesində açıqlığı və maliyyə şəffaflığını əhatə edir.