I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı çərçivəsində Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Gürcüstan Texniki Universitetini ziyarət edib. Səfərdə rektoru AzTU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah müşayiət edib.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində AzTU nümayəndələri universitetin İnşaat, Nəqliyyat sistemləri və mexanika mühəndisliyi, İnformatika və idarəetmə sistemləri, eləcə də Energetika fakültələrinin dekanları və nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə iki universitet arasında elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, birgə təhsil və tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə enerji səmərəliliyi və enerji auditi, hidroenergetika, nəqliyyat texnologiyaları, kibertəhlükəsizlik və materialşünaslıq sahələrində birgə elmi tədqiqatların aparılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfər zamanı AzTU nümayəndələri Gürcüstan Texniki Universitetinin müvafiq fakültələrinin laboratoriyalarına baxış keçirib, mövcud elmi-tədqiqat infrastrukturu və texniki imkanlarla tanış olublar.
Görüşlərin yekununda tərəflər müzakirə olunan istiqamətlər üzrə birgə tədqiqat təşəbbüslərinin inkişaf etdirilməsi və əməkdaşlığın praktik müstəviyə keçirilməsi məqsədilə yaxın gələcəkdə atılacaq addımları müəyyənləşdirib.
































.jpg)



















