Aqrar sektorda müasir texnologiyaların, rəqəmsallaşmanın və innovativ yanaşmaların tətbiqi peşəkar kadr hazırlığına olan tələbatı artırır. Bu baxımdan peşə təhsili müəssisələrində hazırlanan mütəxəssislərin bilik və bacarıqları kənd təsərrüfatının dəyişən ehtiyaclarına uyğunlaşdırılmalıdır.

"Unikal" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Peşə Təhsili Forumunda çıxışı zamanı deyib. O bildirib ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olmaqla yanaşı, məşğulluğun təmin edilməsində də mühüm rol oynayır. Məşğul əhalinin təqribən 35 faizi bu sektorda çalışır. Bu göstərici aqrar sahənin kadr təminatı və peşəkar mütəxəssislərə olan ehtiyacının miqyasını aydın göstərir.

Nazir müavini diqqətə çatdırıb ki, kənd təsərrüfatında baş verən transformasiya kadrların bilik və bacarıqlarına dair tələbləri də dəyişir. Prezident İlham Əliyevin 2026-cı il mayın 25-də imzaladığı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” bu istiqamətdə yol xəritəsidir.

“Dövlət Proqramında məhsul istehsalının artırılması ilə yanaşı, məhsuldarlığın və əlavə dəyərin yüksəldilməsi, ixrac imkanlarının genişləndirilməsi, innovasiya və rəqəmsallaşmanın təşviqi, habelə insan kapitalının inkişafı əsas hədəflər kimi müəyyənləşdirilib. Müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin sahəsinin 130 min hektardan 2030-cu ilədək 300 min hektara çatdırılması nəzərdə tutulur. Eyni zamanda, intensiv meyvə bağlarının sahəsinin genişləndirilməsi və heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması hədəflənir.

Müasir texnologiyaların və süni intellekt imkanlarının aqrar sektora tətbiqi yeni ixtisaslara və peşə bacarıqlarına ehtiyac yaradır. Buna görə də peşə təhsili müəssisələrində, xüsusilə regionlarda fəaliyyət göstərən təhsil müəssisələrində kadr hazırlığı əmək bazarının real tələbləri nəzərə alınmaqla qurulmalıdır”,- deyə nazir müavini əlavə edib. O qeyd edib ki, aqrar sahədə kadr hazırlığı yalnız məşğulluğun təmin edilməsi baxımından deyil, regionların sosial-iqtisadi inkişafı, kənd yerlərində əhalinin məşğulluğunun artırılması və sahibkarlıq imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Peşə təhsili prosesinin real sektorla əlaqəli təşkili məzunların iş imkanlarını artırmaqla yanaşı, onların aqrar sahədə sahibkar kimi fəaliyyət göstərməsinə, yeni dəyər formalaşdırmasına şərait yarada bilər.