ABŞ və İsrail arasında uzun illər davam edən strateji müttəfiqlik münasibətləri ciddi sınaq qarşısındadır.

"Unikal" xəbər verir ki, "Financial Times" nəşrinin noyabrın 13-də dərc etdiyi təhlilə görə, Donald Tramp administrasiyasının İsrailə münasibətdə mövqeyini dəyişməsi Vaşinqton-Təl-Əviv əlaqələrində tarixi dönüşün əlaməti ola bilər.

Nəşrin yazdığına görə, Tramp İsrailə hər il ayrılan 3,8 milyard dollarlıq hərbi yardımın dayandırılacağını açıqlayıb. Bu qərar İsrail tərəfi üçün gözlənilməz olub və iki ölkə arasında hərbi əməkdaşlığın gələcəyinə dair suallar yaradıb.

Münasibətlərin pisləşməsinin əsas səbəbləri sırasında İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar, İranla müharibənin yaratdığı nəticələr və Benyamin Netanyahunun siyasi kursu göstərilir.

Financial Times qeyd edir ki, ABŞ ictimaiyyətində İsrailə münasibət də dəyişir. Artıq tənqidlər yalnız Demokratlar Partiyası ilə məhdudlaşmır, Respublikaçılar arasında da İsrailə qeyd-şərtsiz dəstəyin əleyhinə çıxanların sayı artır.

Təhlildə vurğulanır ki, Netanyahu hökumətinin ABŞ-də uzun illər qorunan ikipartiyalı dəstəyi zəiflətməsi də münasibətlərin gərginləşməsində mühüm rol oynayıb.

Bununla belə, ekspertlər hesab edirlər ki, münasibətlərin tamamilə qırılması qaçılmaz deyil. İsraildə siyasi kursun dəyişməsi və ABŞ ilə münasibətlərin yenidən balanslaşdırılması tərəflər arasında etimadın bərpasına imkan yarada bilər.

Ramil Zeynallı