Milli Müdafiə Universiteti Hərbi İdarəetmə İnstitutunun Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun iştirakçılarının Azərbaycan Texniki Universitetinə (AzTU) infoturu təşkil olunub.

"Unikal" xəbər verir ki, məqsəd qarşılıqlı təcrübə mübadiləsi, elm və təhsil müəssisələri ilə hərbi idarəetmə strukturları arasında əlaqələrin möhkəmləndirilməsidir.

AzTU-nun rektoru Vilayət Vəliyev universitetin son illərdə əldə etdiyi nailiyyətlər, elmi potensialı, müasir tədris-təhsil proqramları və yaradılmış qabaqcıl infrastruktur, eləcə də strateji inkişaf prioritetləri haqqında ətraflı məlumat verib. Rektor müxtəlif sahələr üzrə mühəndislik seqmentinin genişləndirilməsinə, o cümlədən müdafiə sənayesi istiqamətində universitetdə həyata keçirilən layihələrə, müvafiq olaraq yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına dövlətin xüsusi dəstəyini qeyd edib. Eyni zamanda, elmi-tədqiqat imkanlarının genişləndirilməsi və beynəlxalq təcrübənin mütərəqqi nümunələrinin mənimsənilməsi üzrə həyata keçirilən işləri diqqətə çatdırıb.

Görüş zamanı iştirakçılara AzTU-da müasir elmi-tədqiqat fəaliyyətinin təşkili, tədris prosesinin təkmilləşdirilməsi, innovativ yanaşmaların tətbiqi və universitet-sənaye əməkdaşlığının uğurlu inkişafı istiqamətində aparılan fəaliyyət barədə də geniş məlumat verilib.

Həmçinin informasiya texnologiyaları, süni intellekt və müdafiə sənayesinin inkişafında elmin, model həllərin və innovasiyaların rolu, ali təhsil müəssisələri ilə hərbi strukturlar arasında əməkdaşlığın imkanları, habelə elmi biliklərin sənayedə praktiki tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Akademik kursun iştirakçılarının AzTU-ya infoturu təşkil olunub.

Qonaqlar AzTU-nun müasir laboratoriyaları, AZCON Mühəndislik və Texnologiya Məktəbi (AZSET), Kitabxana İnformasiya Mərkəzi və tədris infrastrukturu ilə yaxından tanış olublar. Onlara AzTU-da tətbiq olunan innovativ tədris metodları, elmi-tədqiqat işləri, eləcə də sənaye və müdafiə sektoru üçün hazırlanmış texnoloji həllər barədə də məlumat verilib.