Tikinti sektorunda rəqəmsal texnologiyaların tətbiqi, investisiyaların səmərəli idarə olunması və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində innovativ yanaşmaların rolu Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müzakirə edilib.
"Unikal" xəbər verir ki, universitetin İnşaat fakültəsində keçirilən elmi seminarda tikinti müəssisələrinin müasir iqtisadi şəraitdə fəaliyyətinin planlaşdırılması, rəqabət qabiliyyətinin artırılması və innovasiya-investisiya yönümlü inkişaf perspektivləri diqqət mərkəzində olub.
Seminarda iqtisad üzrə fəlsəfə doktoru Fərahim Vəliyev məruzə ilə çıxış edərək tikinti sektorunda strateji və taktiki planlaşdırmanın əhəmiyyətindən danışıb. O, investisiya layihələrinin düzgün qiymətləndirilməsi, maliyyə resurslarının səmərəli idarə olunması, istehsal xərclərinin optimallaşdırılması və müasir idarəetmə mexanizmlərinin tətbiqi məsələlərinə toxunub.
Müzakirələr zamanı tikinti sənayesinin rəqəmsal transformasiyası, xüsusilə BIM (Bina İnformasiya Modelləşdirilməsi) texnologiyalarının, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və enerjiyə qənaət edən həllərin tətbiqi imkanları nəzərdən keçirilib. Bu texnologiyaların tikinti layihələrinin daha səmərəli planlaşdırılmasında, resurs itkilərinin azaldılmasında və layihələrin icra keyfiyyətinin yüksəldilməsində rolu vurğulanıb.
Seminarda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri də müzakirə mövzusu olub. İşğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsiplərinin, innovativ tikinti texnologiyalarının və dayanıqlı inkişaf yanaşmalarının tətbiqinin əhəmiyyətinə diqqət çəkilib.
Tədbir çərçivəsində Fərahim Vəliyevin müəllifi olduğu “Tikinti müəssisəsinin fəaliyyətinin planlaşdırılması” adlı dərs vəsaitinin təqdimatı da keçirilib. Nəşrdə tikinti müəssisələrinin idarə olunması, biznes-planlaşdırma, investisiya qərarlarının əsaslandırılması, logistika, büdcələşdirmə və istehsal proseslərinin səmərəli təşkili məsələləri əhatə olunub.
Seminar tikinti sektorunda elmi biliklərin praktik idarəetmə yanaşmaları ilə əlaqələndirilməsi, innovativ həllərin təşviqi və gələcək mütəxəssislərin müasir əmək bazarının tələblərinə uyğun hazırlanması baxımından əhəmiyyətli olub.







.jpg)
.jpeg)







.jpg)



.jpeg)





















