Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında həyata keçirilən ikili diplom proqramının tələbələri Beynəlxalq Mədəniyyət Festivalında (“International Cultural Festival”) iştirak ediblər.

"Unikal" xəbər verir ki, PKTU-da təşkil olunan ənənəvi festival çərçivəsində yaradılmış Azərbaycan guşəsində ölkəmizin zəngin mədəni irsi, tarixi və milli adət-ənənələri təqdim olunub. İkili diplom proqramının tələbələri milli geyimlərdə çıxış edərək ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumat veriblər.

Tədbirin bədii hissəsində milli musiqi alətimiz olan tarda ifa edilən musiqi nümunələri festival iştirakçıları və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyinin nümayəndələri də festivalda iştirak edərək tələbələrimizə dəstək göstərib, Azərbaycan guşəsi ilə yaxından tanış olublar.

Qeyd edək ki, “2+2” modeli əsasında həyata keçirilən proqram üzrə hazırda 49 BMU tələbəsi təhsilini PKTU-da davam etdirir.