Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı Gənclər Evində “Şanlı Zəfərimiz - milli qürurumuzun zirvəsi” mövzusunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları “Vətən uğrunda” abidə kompleksini ziyarət ediblər. Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri abidə önünə gül dəstələri qoyaraq Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər Azərbaycan xalqının iradəsini, dövlətimizin qüdrətini və milli birliyini bütün dünyaya nümayiş etdirib. Bu Qələbə yalnız hərbi deyil, həm də siyasi və diplomatik müstəvidə Azərbaycanın gücünü və qalib dövlət statusunu təsdiqləyib. Vurğulanıb ki, bu gün Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın təmin olunması istiqamətində mühüm rol oynayır. Zəfər Günü hər bir azərbaycanlı üçün milli qürur, iftixar və dövlətçilik əzminin təcəssümüdür.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında 8 Noyabr - Zəfər Gününün Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və sarsılmaz birliyinin rəmzi olduğunu bildirib. O, tarixi Qələbənin əldə olunmasında Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığının və xalqımızın vahid amal ətrafında birləşməsinin mühüm rol oynadığını qeyd edib. Deputat, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulmasının, qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğının milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxışında Böyük Qələbənin uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, dövlətin hərbi, iqtisadi və siyasi potensialının gücləndirilməsinin, xalqın monolit birliyinin məntiqi nəticəsi olduğunu bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini Prezident İlham Əliyevin strateji liderliyinin və uzaqgörən siyasətinin parlaq təzahürü kimi qiymətləndirib.

Natiq vurğulayıb ki, Vətən müharibəsi təkcə torpaqlarımızın azad olunması deyil, həm də xalqımızın milli yenilməzliyinin, özünəinamının və mübarizə əzminin təntənəsi olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın ətrafında sıx birləşdiyi “Dəmir yumruq” rəmzi milli həmrəyliyin, siyasi iradənin və dövlət qüdrətinin ifadəsinə çevrilib.

Tədbirdə çıxış edən digər natiqlər də 8 Noyabr - Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edərək, qazanılmış möhtəşəm Qələbənin xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlətçilik əzminin təntənəsi olduğunu bildiriblər. Çıxışlarda Azərbaycan Ordusunun qəhrəmanlığı, dövlət başçısının qətiyyətli siyasəti, şəhidlərimizin misilsiz fədakarlığı və qazilərimizin şücaəti xüsusi vurğulanıb.

Tədbir bədii hissə ilə davam edib.

Zəfər Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində rayonda yaşayan şəhid ailələri də ziyarət olunub.