"Xüsusilə regionlarda 1960-70-80-ci illərdə tikilmiş binalar var. Bu binaların çox təəssüflər olsun ki, təmir və bərpa məsələsi hər ötən il deyilir ki, növbəti il həll olunacaq. Bəzən şəhər və yaxud rayon öz daxili hesabına nələrsə edirlər. Daha çox prospektlərin görünən hissəsində təmir işləri aparırlar. Həyət, məhəllə hissəsində isə bu binalar ümumiyyətlə təmir edilmir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deputat Naqif Həmzəyev deyib.
"Yaxud dam örtüyü düzəldilir, onun giriş hissəsi, lift və yaxud digər məsələlər düzəlmir. Elə binalar var ki, o pilləkənlər hər an uça bilər. Mən bu haqda hökumətə də rəsmi müraciət etmişəm. Bəzi evlər var ki, medianı ümumiyyətlə çəkməyə, işıqlandırmağa qoymurlar. Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist ümumiyyətlə bəlkə də işdən çıxarılır və yaxud müəyyən təqiblərə məruz qalır. Yəni, bu yaxşı hal deyil. Problemi gizlətməklə, növbəti illərə ötürməklə biz heç nə əldə etmirik. Bakıda rahatdır, hər şey həll olunur. Regionlarda ancaq inanın ki, hamı bir nəfərdən, iki nəfərdən qorxur və heç kim heç nəyi dilə gətirə bilmir. Biz deyəndə də başqa cür olur. Bu məsələni hansısa şəkildə həll etməliyik. Açıq deyim, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur. Hökumət nümayəndələri rayonlara, şəhərlərə vətəndaşlarla görüşə gedəndə icra başçısının və yaxud rəsmi şəxsin təqdim etdiyi marşrutdan kənara çıxaraq getməlidir. Belə olacağı təqdirdə hökumət üzvləri görəcək ki, o yollar niyə düzəlmir və ya problemlər nə dərəcədə qabarıqdır. Açıq deyim, şəhər, rayon rəhbərliyi çox problemləri hökumətdən gizlədir. Çox xahiş edirəm, Sahil müəllim, bu məsələləri hökumət iclaslarında dilə gətirin ki, biz də seçicilərin, vətəndaşların yanına ürəkli gedə bilək. Mən bəlkə də emosional çıxış etdim, ancaq inanın ki, seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığımız və ya bir yerdə böyüdüyümüz qonşuların qarşısına çıxa bilmirik. Deyirlər ki, sən vəzifə tutursan, yaxşı dolanırsan və bizi niyə düşünmürsən? Yəni belə məsələlər var. Xahiş edirəm bu məsələlərlə bağlı mümkündürsə hökumət bir ciddi tədbirlər görsün. Bəlkə də 2027-ci il büdcəsində olmayacaq, heç olmasa növbəti 10 illiklərdə bu problemin həllinə çalışaq", - deyə deputat bildirib.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deputatın səlahiyyətimiz yoxdur fikir ilə razılaşmayıb: "Sizin deputat kimi kifayət qədər səlahiyyətiniz var. Əgər ondan istifadə edə bilmirsizsə, o sizin problemdir. Deyirsiniz ki, mətbuat nümayəndələrini yaxşı, pis yerləri çəkib göstərəndə işdən çıxardılar. Sizdə belə bir fakt varmı? Onu zəhmət olmasa verərsiz, baxarıq".
Anar Kəlbiyev
















.jpeg)


















.jpg)









