“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” Azərbaycan gəncləri üçün son illərin ən unikal təhsil imkanlarından biridir. Proqram təhsil haqqını, aylıq yaşayış xərcini, tibbi sığortanı və beynəlxalq nəqliyyat xərclərini dövlət hesabına qarşılayır və istedadlı gənclərə dünyanın ən nüfuzlu universitetlərinə yol açır. Elə bu yaxınlarda 2026–2027-ci tədris ili üzrə 500 nəfər proqram iştirakçısı seçilib: 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində. Bunlardan 155-i dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan müəssisələrdə təhsil alacaq. Proqramın müddətinin 2028-ci ilə qədər uzadılması onun dövlət üçün strateji əhəmiyyət daşıdığını göstərir.

Lakin burada bir məqam üzərində xüsusi olaraq dayanmaq lazımdır: Dövlət Proqramı 2022-ci ildə qəbul edilib. O vaxtdan ölkəmizdə və dünyada xeyli dəyişiliklər baş verib. Başqa sözlə, vaxt keçib və proqrama müəyyən düzəlişlər etmək günün tələbinə çevrilib.

Düşünürük ki, hazırda bu düzəlişlər ilk növbədə iki istiqamətdə zəruridir: 

1)humanitar ixtisasların bakalavr pilləsi üzrə proqrama daxil edilməsi 
 2)tələbələrə ayrılan aylıq yaşayış xərcinin yenidən nəzərdən keçirilməsi.

Humanitar ixtisaslar niyə kənarda qalmalıdır?
Proqramın prioritet istiqamətləri əsasən informasiya texnologiyaları, kompüter elmləri, fundamental və tətbiqi elmlər kimi sahələrdən ibarətdir. Bu seçim anlaşılandır: texnoloji rəqabət dövründə belə kadrlara ehtiyac var. Lakin humanitar ixtisasların, xüsusən də bakalavr pilləsində, prioritet siyahıda demək olar ki, yer almaması ciddi boşluqdur.

Birincisi, dövləti idarə edən, dünya siyasətini formalaşdıran kadrlar humanitar təhsilli insanlardır. Siyasətçilər, diplomatlar, politoloqlar, hüquqşünaslar, tarixçilər, beynəlxalq münasibətlər mütəxəssisləri danışıqlar masasında ölkənin mövqeyini müdafiə edir, beynəlxalq təşkilatlarda səsimizi çatdırır, qlobal gündəmi formalaşdırır. Azərbaycanın öz təcrübəsi də bunu göstərir. Ali siyasi rəhbərlikdə və dövlət idarəçiliyində təmsil olunan şəxslərin əksəriyyəti humanitar profilli təhsil almış insanlardır. Cənab Prezident İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova, cənab Prezidentin köməkçisi Hikmət Hacıyev kimi rəsmilər də bu sahənin yetirmələridir. Dövlətin diplomatik və siyasi uğurları texnologiya ilə yanaşı, güclü humanitar kadr bazasına da əsaslanır.

İkincisi, bakalavr pilləsi formalaşma dövrüdür. Magistratura artıq mövcud biliyi dərinləşdirir. Dünyagörüşü, düşüncə tərzi, şəbəkə və dil bacarıqları isə məhz bakalavr illərində qurulur. Gənc diplomat və ya politoloq Vaşinqtonda, Londonda, Parisdə və ya Berlində 18–22 yaşında oxuyanda yalnız diplom almır. O, həmin ölkələrin siyasi mədəniyyətini, düşünmə və qərar qəbuletmə üsullarını daxildən öyrənir, gələcəkdə ölkə üçün dəyərli olacaq əlaqələr qurur. Bunu magistr səviyyəsində tam əvəz etmək çətindir.

Üçüncüsü, ölkənin xarici siyasət rezervlərinə ehtiyac var. Azərbaycan geosiyasi baxımdan həssas regionda yerləşir, enerji təhlükəsizliyindən nəqliyyat dəhlizlərinə, sülh gündəmindən informasiya müharibəsinə qədər çoxsaylı mürəkkəb məsələlərlə üzləşir. Bu məsələlərdə güclü arqumentasiya, beynəlxalq hüquq biliyi, tarixi və mədəni kontekstə hakim olmaq lazımdır. Bunları proqramlaşdırma ilə əvəz etmək mümkün deyil. Niyə beynəlxalq münasibətlər üzrə gənclərimiz bakalavr pilləsində Qərb ölkələrinin aparıcı universitetlərində təhsil almasın? Bu gənclər sabah Azərbaycanın səfiri, danışıqlar aparıcısı, beynəlxalq təşkilatlarda təmsilçisi ola bilərlər.

Dördüncüsü, texnologiya humanitar düşüncəsiz inkişaf etmir. Süni intellektin etikası, rəqəmsal hüquq, məlumatların qorunması, media və kommunikasiya, beynəlxalq təhlükəsizlik kimi sahələr texniki və humanitar biliyin kəsişməsindədir. Dünyanın aparıcı universitetləri də bu istiqamətdə fənlərarası proqramlar təklif edir. Yalnız texniki sahələrə üstünlük verən siyahı bu tendensiyadan geri qalır.

Beşincisi, “yumşaq güc” də strateji resursdur. Xaricdə təhsil alan humanitar kadrlar Azərbaycanın reputasiyasını, tarixi həqiqətlərini və mövqeyini beynəlxalq akademik və ekspert mühitdə təmsil edirlər. Bu, uzunmüddətli mənada ölkənin imicinə birbaşa təsir edən investisiyadır.

Bu səbəblərə görə təklifimiz aydındır: beynəlxalq münasibətlər, siyasi elmlər, diplomatiya, hüquq, tarix və sosial elmlər kimi ixtisaslar bakalavr pilləsi üzrə də prioritet siyahıya daxil edilməlidir. Bu, texnoloji istiqamətlərdən imtina demək deyil, siyahının balanslaşdırılması deməkdir. Hətta kvotanın bir hissəsi bu sahələrə ayrıla bilər.

İnflyasiya təqaüdü “yeyir”

İkinci problem aylıq yaşayış xərcləri ilə bağlıdır. Proqram çərçivəsində iştirakçıların aylıq yaşayış xərcləri qaydalara əlavə edilmiş aylıq xərc normalarına əsasən hesablanır. Bu normalar illər öncə, 2022-ci ildə təsdiq edilmiş maliyyələşdirmə qaydalarında müəyyən olunub. O vaxtdan isə dünyada və təhsil aldığımız ölkələrdə qiymətlər xeyli artıb.

Xüsusilə kirayə haqları, yemək, nəqliyyat və kommunal xərclər ən çox bahalaşan kateqoriyalardır. Böyük universitet şəhərlərində, məsələn Londonda,Edinburqda, Nyu-Yorkda, Bostonda və ya Parisdə, mənzil icarəsi bəzən aylıq büdcənin əsas hissəsini “udur”. Eyni təqaüd məbləği 2022-ci ildə tələbənin ehtiyaclarını qarşılayırdısa, bu gün həmin məbləğ çox vaxt ən zəruri xərcləri belə örtmür. Yəni inflyasiya təqaüdün real alıcılıq qabiliyyətini gündən-günə azaldır. Belə ki, Dövlət Proqramı çərçivəsində, məsələn Böyük Britaniyada oxuyan tələbələrə ayda yaşam xərci üçün orta hesabla 1300–1500 funt sterlinq ödəniş edilir. Bunun böyük hissəsi — təqribən 800–900 funt — yalnız kirayə və ya yataqxana ödənişinə gedir. Qalan məbləğ isə qida, dərs vəsaitləri və digər gündəlik xərclər üçün nəzərdə tutulur. Lakin bahalaşmanın davam etdiyi indiki şəraitdə gənclərimiz bəzən ailələrinin də əlavə maliyyə dəstəyinə möhtac qalırlar. 

Bunun nəticələri ciddidir:

Tələbə ailəsindən kömək istəməyə məcbur qalır, bu isə proqramın sosial ədalət prinsipinə zidd gedir. Maddi imkanı zəif olan istedadlı gənc üçün xaricdə təhsil çətinləşir. Tələbələr təhsildən çox gəlir qazanma qayğısına qalır, yarımştat işləyir, bu isə akademik nəticələrə mənfi təsir edir.

Bir çox ölkədə tələbə vizası iş saatlarına məhdudiyyət qoyur və işləmək həm də hüquqi risk yarada bilər. Proqramın əsas məqsədi, yəni ən yaxşı kadrları ən yaxşı universitetlərdə hazırlamaq, sıx maliyyə sıxıntısı altında zəifləyir.

Həll yolu isə sadədir: aylıq yaşayış xərc normaları ölkələr və şəhərlər üzrə real qiymət səviyyəsinə uyğun yenidən hesablanmalıdır. Bundan əlavə, inflyasiyaya görə normaların müntəzəm, məsələn hər 1–2 ildən bir, avtomatik indeksləşdirilməsi mexanizmi qurulmalıdır. Beləliklə, təqaüd hər dəfə yeni qərarla yox, qiymət dəyişikliyinə uyğun yenilənəcək. Şəhərlər arasında yaşayış xərcində böyük fərq olduğunu nəzərə alan diferensial yanaşma da ədalətli olardı.

Nəticə

Xaricdə təhsil üzrə Dövlət Proqramı uğurlu və vacib layihədir, onun müddətinin uzadılması da bunu təsdiqləyir. Amma uğurlu layihələr də zamanla yenilənməlidir. Humanitar ixtisasların, xüsusən bakalavr pilləsində, prioritet siyahıya salınması ölkənin diplomatik və siyasi kadr potensialı baxımından strateji addım olardı. Yaşayış xərcinin real qiymətlərə uyğunlaşdırılması isə proqramın iştirakçıları üçün ədalətli və dayanıqlı mühit yaradar. Bu iki düzəliş Dövlət Proqramının keyfiyyətini və təsirini daha da artıra bilər.Ümidvarıq Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi bu zərurətləri nəzərə alacaq.

“Zəka” təhsil mərkəzinin ekspert qrupu