"Bərpa-quruculuq işləri ilə yanaşı, Böyük Qayıdışın növbəti vəzifəsi azad edilmiş ərazilərin iqtisadi bazasını – istehsalı və daimi iş yerlərini genişləndirməkdir. Artıq bu bölgəmizdə də iqtisadiyyat öz məcrasına düşür. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 60 sahibkarlıq subyekti qeydiyyatdan keçmiş, təqribən 3 milyard manatlıq məhsul istehsal olunub".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, bu ərazilərdə özəl sektorun ümumilikdə 1300-dən çox layihəsi həyata keçirilir: "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması və sahibkarlığın inkişafı məqsədilə vergi və gömrük güzəştləri, kommunal və sosial sığorta subsidiyaları, kredit zəmanətləri, faiz subsidiyaları və güzəştli kreditlər daxil olmaqla, müxtəlif dəstək mexanizmləri tətbiq olunur".

A.Bayramov qeyd edib ki, həyata keçirilən dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi, sənaye və investisiya infrastrukturunun inkişafı istiqamətində tədbirlər iqtisadiyyatın şaxələndirilməsinə və davamlı artımın təmin olunmasına töhfə verəcək:

"Bütün bu tədbirlər nəzərə alınaraq, 2027-ci ildə iqtisadi artımın 2,7%, 2027–2030-cu illərdə orta illik artımın 3,3%, qeyri-neft-qaz sektorunda isə 4,4% olacağı proqnozlaşdırılır. 2030-cu ilədək qeyri-neft-qaz sektorunun ÜDM-də payının 82%-ə çatması gözlənilir".

Anar Kəlbiyev