Yasamal rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müşavirədə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərini, milli təhlükəsizlik və dövlətçilik qarşısında duran əsas vəzifələri müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran başlıca vəzifələr əldə edilmiş tarixi nailiyyətlərin qorunması, müstəqilliyin daha da möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmasıdır.
Elşad Həsənov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq nüfuzunu artırıb, güclü iqtisadi və hərbi potensial formalaşdırıb, ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu nailiyyətlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur.
İcra başçısı çıxışında ideoloji təhlükəsizliyin müasir dövrdə milli təhlükəsizliyin mühüm tərkib hissəsinə çevrildiyini xüsusi qeyd edib. Bildirilib ki, internet və sosial şəbəkələr vasitəsilə yayılan müxtəlif təsirlərə qarşı cəmiyyətin maarifləndirilməsi, xüsusilə uşaqların və gənclərin sağlam dünyagörüşünün formalaşdırılması diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə ailə, məktəb, ictimaiyyət nümayəndələri və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, gənclərə dövlətçilik, vətənpərvərlik və milli-mənəvi dəyərlərin aşılanması mühüm əhəmiyyət kəsb edir.
Elşad Həsənov qeyd edib ki, ideoloji-maarifləndirmə işi formal tədbirlərin keçirilməsi ilə məhdudlaşmamalı, insanların düşüncəsinə və ictimai mövqeyinə real təsir göstərməlidir. Ağsaqqalların, ziyalıların, müəllimlərin, səhiyyə işçilərinin və ictimaiyyət nümayəndələrinin bu prosesdə fəal iştirakı, vətəndaşlarla müntəzəm ünsiyyətin qurulması və mövcud problemlərin vaxtında həlli qarşıda duran əsas vəzifələrdəndir.
Qeyd olundu ki, Heydər Əliyev Fondun Prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində, cənab Prezidentin tapşırığına əsasən, “Böyük Qayıdış” proqramı uğurla icra olunur. Şəhərlərimiz, tarixi abidələrimiz, məscidlərimiz bərpa olunur.
İcra başçısı, həmçinin Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb. Bildirib ki, cari il ərzində rayonun 20-yə yaxın əsas prospekt, küçə və məhəllədaxili yolunda genişmiqyaslı asfaltlanma işləri aparılıb.Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın dəstəyi ilə rayonda 8 ünvanda “Bizim həyət” layihəsi həyata keçirilib, hazırda toplam daha 6 ünvanda işlər davam etdirilir. Bu layihələr sakinlər üçün rahat yaşayış şəraitinin yaradılmasına, yaşıllıqların artırılmasına və ictimai məkanların abadlaşdırılmasına xidmət edir.
Müşavirədə çıxış edən digər natiqlər Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin müxtəlif sahələrdə ardıcıl və səmərəli icrasının əhəmiyyətini vurğulayıblar.Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Fuad Məmmədov dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və ağsaqqalların cəmiyyətin maarifləndirilməsində rolundan bəhs edib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev təhsil və elmi mühitin gənclərin dünyagörüşünün formalaşmasında, intellektual potensialının inkişafında və vətənpərvərlik ruhunda yetişməsində əhəmiyyətini diqqətə çatdırıb. Elçin Babayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, YAP sədri İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışı müasir Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi tarixi nailiyyətlərin və yeni mərhələdə qarşıda duran strateji vəzifələrin əhatəli təhlili baxımından müstəsna əhəmiyyət daşıyır. Qlobal informasiya məkanındakı dezinformasiya və manipulyasiya risklərini diqqətə çatdıran Elçin Babayev ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu və bu sahədə ali təhsil müəssisələrinin, xüsusilə BDU-nun üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.Elçin Babayev çıxışında milli və ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin mühüm rolunu xatırladıb, elmi-intellektual potensialın strateji dövlət hədəflərinə yönəldilməsi və maarifləndirmə işinin rəqəmsal və innovativ metodlarla yenilənməsinin zəruri olduğunu bildirib.
Tədbirdə çıxış edən natiqlər 53 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Tünzalə Zeynalova, 39 saylı şəhər poliklinikasının baş həkimi Ləman Hacıyeva, 339 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi, antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova, ehtiyatda olan mayor, Vətən müharibəsi qazisi Süleyman Heydərov, Azərbaycan Texniki Universitetinin birinci kurs magistrantı Sənan Hüseynov yeni nəslin maarifləndirilməsi, onların dövlətçilik prinsiplərinə və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin vacibliyini qeyd ediblər.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsinin və maarifləndirmə işinin məqsədyönümlü təşkilinin vacibliyini qeyd edib. Bəxtiyar Nəbiyev həmçinin son illər Yasamal rayonunda İcra Başçısı Elşad Həsənovun rəhbərliyi ilə əsaslı işlərin görüldüyünü vurğuladı.
Müşavirənin sonunda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin hər bir sahədə ardıcıl şəkildə həyata keçirilməsinin, qurumlararası əməkdaşlığın gücləndirilməsinin və maarifləndirmə işinin nəticəyönümlü təşkilinin vacibliyi vurğulanıb. Bildirilib ki, Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və əldə olunmuş nailiyyətlərin davamlılığının təmin edilməsi ümumi məsuliyyət və birgə fəaliyyət tələb edir.
Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdilər.



















.jpg)

.jpg)




















.jpg)


.jpg)




.jpg)





