Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müşavirədə şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil və səhiyyə işçiləri, ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müşavirədə geniş məruzə ilə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi tarixi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişafın davamlılığı, milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizliyin gücləndirilməsi ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib.

Zakir Fərəcov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun siyasi və iqtisadi baxımdan güclü dövlətlərindən birinə çevrilib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi potensialının güclənməsi və milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürütməsi bu inkişaf modelinin mühüm nəticələridir.

Şəhər rəhbəri diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın iqtisadi gücünün və müstəqil dövlətçilik siyasətinin mühüm göstəricisidir.

Bildirilib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Sumqayıtda da sosial-iqtisadi inkişafın təmin edilməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Şəhərin sənaye potensialının inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, məşğulluq imkanlarının genişləndirilməsi, yol və kommunal infrastrukturun yenilənməsi dövlətin həyata keçirdiyi regional inkişaf siyasətinin tərkib hissəsidir. Qarşıdakı dövrdə də şəhərin inkişafı, sakinlərin müraciətlərinin operativ həlli və vətəndaş məmnunluğunun yüksəldilməsi əsas vəzifələrdən olacaq.

Zakir Fərəcov çıxışında Prezident İlham Əliyevin qurultayda xüsusi diqqət yetirdiyi ideoloji təhlükəsizlik məsələlərinə də geniş yer ayırıb. Bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və müxtəlif ideoloji təsir vasitələri milli təhlükəsizlik sahəsində yeni çağırışlar yaradır. Dövlət başçısının “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir” fikrini xatırladan şəhər rəhbəri milli-mənəvi dəyərlərin, ictimai həmrəyliyin və gənc nəslin sağlam dünyagörüşünün qorunmasında bütün dövlət qurumlarının və ictimai institutların birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

Müşavirədə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli Prezident İlham Əliyevin qurultaydakı çıxışının Azərbaycanın gələcək inkişafı, elmin və təhsilin qarşısında duran vəzifələr baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, müasir dövrdə dövlətin gücü yalnız iqtisadi və hərbi potensialla deyil, həm də cəmiyyətin intellektual səviyyəsi, elmi nailiyyətləri və insan kapitalının inkişafı ilə müəyyən olunur. Rektor vurğulayıb ki, ali təhsil müəssisələri gənclərin peşəkar mütəxəssis kimi hazırlanması ilə yanaşı, onların milli dövlətçilik düşüncəsinin, vətənpərvərlik hisslərinin və müstəqil dünyagörüşünün formalaşmasında da mühüm rol oynayır.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının iştirakçısı İlhamə Abdullayeva çıxışında dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrin icrasında təhsil sisteminin xüsusi məsuliyyət daşıdığını diqqətə çatdırıb. Bildirib ki, məktəblər yalnız bilik verən müəssisələr deyil, eyni zamanda gənc nəslin vətənpərvərlik, milli kimlik, vətəndaş məsuliyyəti və sağlam mənəvi dəyərlər əsasında formalaşdığı mühüm ictimai institutlardır.

Daha sonra müşavirədə Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov, Sumqayıt Tibb Mərkəzi PHŞ-in direktor vəzifəsini icra edən Ramin Qasımov, müharibə iştirakçısı Ehtiram Məmmədov, şəhid ailəsinin üzvü Aynur Səmədova və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, dövlət müstəqilliyinin qorunması, milli birliyin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və cəmiyyətin ideoloji təhlükəsizliyinin təmin edilməsi bütün dövlət qurumlarının və ictimai institutların birgə məsuliyyətidir. Bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsinin və konkret nəticələrə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.