“Spotify” platforması süni intellektlə yaradılmış 50 milyondan çox mahnını tövsiyə sistemindən çıxarıb.

"Unikal' xəbər verir ki, şirkət aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi musiqilərin istifadəçilərə təklif edilməsini dayandırıb.

Qeyd olunub ki, həmin mahnılar platformadan tamamilə silinməyib. İstifadəçilər onları yalnız özləri axtararaq tapa biləcəklər. Bu musiqilər alqoritmlər və redaktorlar tərəfindən tövsiyə olunmayacaq.

“Spotify”ın açıqlamasına görə, son altı ay ərzində tövsiyə sistemində bir sıra dəyişikliklər edilib. Yeniliklər istifadəçilərin keçdiyi, dinləmədiyi və ya spam kimi şikayət etdiyi məzmunların təhlilinə əsaslanıb. Məqsəd insan sənətçilərin yaratdığı musiqiləri ön plana çıxarmaqdır.

Şirkətin hesabatında, həmçinin süni intellektlə yaradılan mahnıların 1 000 dinlənmə toplayaraq qonorar qazanma ehtimalının əvvəlki ilə müqayisədə 10 dəfə azaldığı bildirilib.

Qeyd edək ki, son dövrlər süni intellektlə yaradılan musiqilər musiqi platformalarında və hit-paradlarda daha çox yer almağa başlayıb. Bu tendensiya sənətçilərin müəllif hüquqları və musiqinin gələcəyi ilə bağlı müzakirələrə səbəb olub.