Avropa Komissiyası və Avropa İttifaqı Arktika regionu üzrə yeni strategiyanı təqdim edib.
"Unikal" xəbər verir ki, sənədin əsas məqsədi regionda təhlükəsizliyi gücləndirmək, iqlim dəyişikliklərinə qarşı mübarizə aparmaq, iqtisadi inkişafı dəstəkləmək və yerli icmalar üçün imkanları genişləndirməkdir.
Strategiya dörd prioritet istiqaməti - təhlükəsizliyin və dayanıqlılığın gücləndirilməsini, iqlim dəyişmələrinə cavab tədbirlərini, iqtisadi rifahın təşviqini, eləcə də region əhalisinin və icmalarının dəstəklənməsini əhatə edir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, yeni dəniz marşrutları və təbii ehtiyatlar Arktikada strateji rəqabəti artırır. Buna görə də Avropa İttifaqı təhlükəsizliyə, dayanıqlı infrastruktura və iqtisadi imkanlara investisiyaları genişləndirməyi planlaşdırır.
Strategiya çərçivəsində dəniz təhlükəsizliyinin gücləndirilməsi, sualtı kabellərin qorunması, iqlimlə bağlı tədqiqatların genişləndirilməsi, bərpaolunan enerji və dayanıqlı nəqliyyat əlaqələrinin dəstəklənməsi nəzərdə tutulur. Sənəddə yerli əhalinin, xüsusilə gənclərin və yerli xalqların maraqlarına da xüsusi diqqət yetirilir.
Avropa İttifaqının məlumatında, həmçinin qeyd olunub ki, Arktika qlobal orta göstəricidən təxminən dörd dəfə sürətlə istiləşir. Regionda baş verən dəyişikliklər Avropanın təhlükəsizliyinə, iqliminə və iqtisadi rifahına da birbaşa təsir göstərir.



















































