Tarixdə bəzən bir neçə söz bütöv bir dövrün siyasi mahiyyətini ifadə edir. 2019-cu il də Azərbaycan-Ermənistan qarşıdurmasının belə məqamlarından biri oldu.

Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatı Bakıda təsadüfi ritorika kimi deyil, Ermənistanın Qarabağ məsələsində mövqeyinin sərtləşməsi kimi qiymətləndirildi və danışıqlar prosesini məhv etdi. Prezident İlham Əliyev həmin ilin oktyabrında “Valday” Diskussiya Klubunda bu bəyanata “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını verdi. Azərbaycan Prezidentinin sonrakı çıxışlarında da bu ifadə müharibə və sülh mərhələlərinin siyasi simvollarından biri kimi təqdim edildi.

Əslində, bu qarşıdurmanın mahiyyəti sözlərdən daha böyük idi. Bir tərəf işğal olunmuş Azərbaycan ərazilərinin Ermənistana məxsus olduğunu bəyan edir, digər tərəf isə beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə istinad edərək bu yanaşmanı rədd edirdi.

Bu, sadəcə ritorik mübahisə deyildi. Çünki “Qarabağ Ermənistandır” tezisi qəbul ediləcəyi təqdirdə, Qarabağ münaqişəsinin siyasi danışıqlar yolu ilə həlli üçün əsas da faktiki olaraq aradan qalxırdı. Prezident İlham Əliyev də sonrakı çıxışlarından birində məhz bu məntiqə diqqət çəkərək bildirirdi ki, Qarabağın Ermənistan olması iddia edilirsə, o zaman danışıqlar üçün mövzu qalmır.

2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hərbi toqquşmalar isə siyasi gərginliyi yeni mərhələyə çıxardı.

Baş verən döyüşlər nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak oldu. Tovuz hadisələri yalnız lokal sərhəd insidenti kimi qalmadı. Azərbaycan üçün strateji əhəmiyyət daşıyan enerji və nəqliyyat infrastrukturlarının yaxınlığında baş verməsi hadisənin geosiyasi əhəmiyyətini də artırdı.

Tovuz təxribatı Ermənistanın hərbi-siyasi təzyiq siyasətinin növbəti mərhələsi idi. Ermənistan rəhbərliyinin hadisələrdən sonra nümayiş etdirdiyi ritorika da Bakıda danışıqlar prosesinə konstruktiv yanaşmanın olmamasının göstəricisi kimi qəbul edilirdi.

Bir neçə həftə sonra isə artıq bütün regionun taleyini dəyişdirəcək hadisə baş verdi.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində genişmiqyaslı döyüşlər başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsinə nəzarətini bərpa etdi.

Şuşanın azad edilməsi müharibənin həlledici mərhələsi oldu. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı.

Lakin müharibənin başa çatması Qarabağdakı problemin bütün elementlərinin dərhal aradan qalxması demək deyildi.

Əksinə, qarşıda daha mürəkkəb mərhələ dayanırdı.

10 noyabr bəyanatından sonra Ermənistan silahlı qüvvələrinin Qarabağda qalması, bölgəyə silah və şəxsi heyətin daşınması, yeni hərbi mövqelərin yaradılması və minaların yerləşdirilməsi üçtərəfli bəyanatın məntiqinə zidd idi.

Azərbaycan tərəfi müxtəlif vaxtlarda Ermənistan tərəfindən yeni minaların yerləşdirilməsi faktlarını açıqladı. 2022-ci ildə Sarıbaba istiqamətində Ermənistan istehsalı minaların aşkarlanması Bakının narahatlığını daha da artırdı.

Laçın yolu ətrafında yaranan qarşıdurma da məhz bu kontekstdə inkişaf etdi. Ermənistan və Azərbaycan həmin yolun istifadəsi məsələsində tamamilə fərqli mövqelər ortaya qoyurdu. Bakı yolun humanitar məqsədlərdən kənar hərbi təchizat və şəxsi heyətin daşınması üçün istifadəsini yolverilməz hesab edirdi.

Məsələnin ən mühüm tərəflərindən biri Qarabağdakı separatçı strukturların 2020-ci ildən sonra da fəaliyyətini davam etdirməsi idi.

Azərbaycan tərəfi Ermənistan hökumətini bu strukturlara maliyyə, siyasi və digər formalarda dəstək verməkdə ittiham edirdi.

Ruben Vardanyanın Qarabağa gəlməsi də bu baxımdan xüsusi rezonans doğurdu. Vardanyan 2022-ci ildə Qarabağa gəldikdən sonra separatçı strukturların rəhbərliyində yer aldı. Azərbaycan hakimiyyəti onun fəaliyyətini Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olan siyasi xəttin bir hissəsi kimi qiymətləndirirdi.

Bu hadisə eyni zamanda mühüm bir sual doğururdu: əgər Ermənistan Qarabağdakı separatçı strukturlarla heç bir əlaqəsinin olmadığını iddia edirdisə, həmin strukturların siyasi və hərbi baxımdan ayaqda qalması necə mümkün idi?

Azərbaycanın cavabı aydın idi: separatizmin yaşaması üçün kənar siyasi və maliyyə dəstəyi mövcud idi.

2022-ci ilin oktyabrında Praqada əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərində yeni siyasi çərçivə yaratdı. Tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq prinsipini gündəmə gətirdilər.

Lakin Ermənistanın sonrakı addımları bu yanaşma ilə tam uzlaşmadı.

Qarabağdakı separatçı strukturların beynəlxalq gündəmdə saxlanılması, müxtəlif xarici siyasi dairələrin bölgəyə cəlb edilməsi və separatçıların nümayəndələrinin beynəlxalq platformalarda legitim siyasi tərəf kimi təqdim olunmasına cəhdlər Azərbaycanın narazılığına səbəb oldu.

2023-cü ilin sentyabrı qarşıdurmanın son mərhələsini sürətləndirdi.

Bir tərəfdən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən Azərbaycan ərazisində fəaliyyət göstərən separatçı qurumla bağlı siyasi jestlər davam edirdi.

Azərbaycan üçün bu, qəbuledilməz idi.

Çünki suverenliyin tanınması yalnız diplomatik sənəddə ifadə olunan sözlərdən ibarət deyil. Onun real məzmunu dövlətin öz ərazisində qanunlarını və konstitusiya quruluşunu tətbiq edə bilməsidir.

2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağda antiterror tədbirlərinə başladı. Əməliyyat 23 saatdan bir qədər çox davam etdi. Nəticədə Azərbaycan dövlət suverenliyinin Qarabağda tam bərpa olunduğunu elan etdi.

Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını qaldırması isə siyasi baxımdan bu prosesin ən mühüm simvoluna çevrildi.

Beləliklə, 2019-cu ildə Xankəndidə səsləndirilən “Qarabağ Ermənistandır” iddiasına cavabın nə olduğu artıq yalnız siyasi tribunadan deyil, Azərbaycanın suveren ərazisində dalğalanan Dövlət Bayrağından görünürdü.

Əsl dönüş nöqtəsi bundan sonra başladı.

2023-cü ilin sentyabrından sonra Azərbaycanın qarşısında başqa bir vəzifə dayandı: müharibə ilə əldə edilmiş nəticəni davamlı sülhə çevirmək.

Burada Azərbaycanın diplomatik xəttinin əsas prinsipləri dəyişmədi. Bakı Ermənistanla münasibətlərin normallaşdırılmasını qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qəbul edilməsi ilə əlaqələndirdi.

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş bu baxımdan mühüm mərhələ oldu.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsinin razılaşdırılmış mətnini parafladılar. Eyni zamanda ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların bağlanması barədə birgə müraciət imzalandı.

Vaşinqton Birgə Bəyannaməsində tərəflər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında kommunikasiyaların açılmasının vacibliyini təsdiqlədilər. Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz bağlantı məsələsi də sənəddə əksini tapdı.

Bu, 2019-cu ilin siyasi mənzərəsi ilə müqayisədə köklü dəyişiklik idi.

O vaxt Ermənistan rəhbərliyi Qarabağın Ermənistana məxsus olduğunu iddia edirdi. Altı il sonra Ermənistan rəhbəri Azərbaycanın Prezidenti ilə birlikdə dövlətlərarası sülh sənədinin paraflanmasına şahidlik edən siyasi prosesin iştirakçısına çevrilmişdi.

2019-cu ildə “Qarabağ Azərbaycandır” demək siyasi bəyanat idi. 2020-ci ildə bu bəyanat hərbi nəticə qazandı. 2023-cü ildə Azərbaycan Dövlət Bayrağını Xankəndidə ucaltdı.

2025-ci ildə isə tərəflər dövlətlərarası sülh sazişinin mətnini parafladılar. Bu ardıcıllıq təsadüfi deyil.

Müharibə yalnız hərbi əməliyyatların aparılması ilə bitmir. Əgər müharibənin səbəbini yaradan siyasi və hüquqi problemlər aradan qaldırılmırsa, əldə edilən hərbi nəticə uzunmüddətli sabitliyə çevrilə bilməz.

Azərbaycanın qarşısında duran əsas məsələ məhz bu nəticəni təmin etməkdir.

Bu baxımdan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi son altı ilin siyasi xronologiyasında sadəcə ritorik cavab kimi qalmadı. Həmin ifadə sonradan hərbi qələbə, suverenliyin tam bərpası və yeni regional siyasi reallıqla tamamlandı. Prezidentin özünün də sonrakı çıxışlarında qeyd etdiyi kimi, 2019-cu ildə səslənən “nöqtə”yə cavab 2020-ci il müharibəsində və sonrakı proseslərdə öz siyasi nəticəsini tapdı.

Bu gün Cənubi Qafqaz 2019-cu ilin Cənubi Qafqazı deyil.

Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib. Qarabağda separatçı siyasi-hərbi struktur aradan qalxıb. Azərbaycanın Dövlət Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə və digər ərazilərdə dalğalanır.

Bundan sonrakı mərhələdə isə əsas məsələ bu reallığın sülh, iqtisadi əməkdaşlıq və regional bağlantılar sistemi ilə möhkəmləndirilməsidir.

Vaşinqtonda imzalanmış Birgə Bəyannamə məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Sənəddə keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsinin bağlanması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, kommunikasiyaların açılması və sülhün möhkəmləndirilməsi kimi prinsiplər əks olunub.

2019-cu ilin “nöqtə”si ilə 2025-ci ilin Vaşinqtonu arasındakı məsafə əslində bir neçə ilin deyil, bütöv bir siyasi epoxanın məsafəsidir.

Ağarza Elçinoğlu