"Son illərin epidemioloji mənzərəsini nəzərə alsaq, xəstəliklərin strukturunda yoluxucu xəstəliklərdən qeyri-infeksion xəstəliklərə doğru ciddi keçid müşahidə edirik".

"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev deyib. O bildirib ki, qlobal miqyasda orta ömür uzunluğu son illərdə 73-74 il olduğu halda, Azərbaycanda 2025-ci ilin sonuna bu göstərici 77 ili ötüb.

Onun sözlərinə görə, ömür uzunluğunun artması ilə yanaşı, əlavə qazanılan illərin nə dərəcədə sağlam yaşandığı da nəzərə alınmalıdır: "Ömür uzunluğunun artdığı şəraitdə qeyri-infeksion xəstəliklərin dinamikası da yüksəlib. 2023-cü ilin statistikasına əsasən, dünyada ümumi ölüm hallarının 74 faizi, yəni dörddə üçü qeyri-infeksion xəstəliklərin payına düşüb. 2020-ci ildə isə bu göstərici 58 faiz təşkil edib. Bu isə ciddi artımın göstəricisidir”.

R.Quliyev qeyd edib ki, Azərbaycanda da qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır.

"Həmin xəstəliklər sırasında ürək-damar xəstəlikləri, o cümlədən ürəyin işemik xəstəliyi, böyük damar katastrofaları, onkoloji xəstəliklər və tənəffüs sistemi xəstəlikləri xüsusi yer tutur. Qeyri-infeksion xəstəliklərin yükünün artdığı şəraitdə ağciyər xəstəlikləri və ağciyər sağlamlığı xüsusi əhəmiyyət kəsb edir".