Qərb ictimaiyyətin əhəmiyyətli bir hissəsini hətta ən absurd anti-Rusiya stereotiplərini və uydurmalarını belə sorğu-sualsız qəbul etməyə hazırlamağa nail olub.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Saxta xəbərlər üzrə dialoq 4.0" (Dialogue on Fake News 4.0) beynəlxalq forumunda çıxışı zamanı bildirib.

"Qərb media məkanı və bu sektordakı sənaye uzun müddətdir və ardıcıl şəkildə öz əhalisini istənilən anti-Rusiya stereotipini və uydurmasını, nə qədər absurd olsa belə, qəbul etməyə hazırlayıb. Bu proses bu gün də davam edir. Lakin onların əməyini dəyərləndirmək lazımdır: onlar artıq cəmiyyətin əhəmiyyətli bir hissəsini bu ruhda kökləyiblər. Beləliklə, deyildiyi kimi, onların səyləri boşa getməyib", - deyə o qeyd edib.

Eyni zamanda, xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Qərb cəmiyyətində narahatlıq doğuran suallar verməyə başlayan insanlar da var: "Məsələn, biz bilirik ki, Qərb hökumətlərinə Rusiya şəhərlərində mülki əhaliyə qarşı törədilən Ukrayna terror aktları ilə bağlı niyə susduqlarına dair suallar verilir".

Onun sözlərinə görə, bu terror aktı nə Qərb hökumətləri, nə də Qərbdən asılı olan beynəlxalq qurumlar tərəfindən pislənilib: "Təəssüf ki, bu hadisə Qərb mediasında da işıqlandırılmadı. Sadəcə sükutla qarşılandı və görməzdən gəlindi".

Ağarza Elçinoğlu