Cənubi Qafqazın son illərdə keçdiyi siyasi yol bir neçə mühüm tarixi mərhələ ilə yadda qalıb. Bu mərhələlərə yalnız ayrı-ayrı hərbi əməliyyatlar və diplomatik görüşlər kimi deyil, regiondakı qüvvələr nisbətinin, beynəlxalq hüququn tətbiq mexanizmlərinin və Azərbaycan-Ermənistan münasibətlərinin mahiyyətinin dəyişməsi kimi baxmaq mümkündür.
Bu baxımdan 2019-cu ilin avqustundan 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaya qədər uzanan dövr xüsusi əhəmiyyət daşıyır. Altı il əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı Xankəndi şəhərində “Artsax Ermənistandır və bu qədər” bəyanatını səsləndirirdi. Ermənistan hökumətinin öz saytında da həmin ifadə yer alıb.
Bu bəyanat Azərbaycanın baxışında status-kvonun qorunmasına deyil, işğal edilmiş ərazilərin Ermənistanla birləşdirilməsi iddiasına işarə idi. Prezident İlham Əliyevin buna verdiyi “Qarabağ Azərbaycandır – nida işarəsi” cavabı isə Azərbaycanın ərazi bütövlüyü məsələsində siyasi mövqeyinin dəyişməyəcəyini nümayiş etdirən əsas siyasi mesajlardan birinə çevrildi.
2019-cu ildə səsləndirilən bəyanatdan təxminən bir il sonra, 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində silahlı toqquşmalar baş verdi. İyulun 12-16-da Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində hərbi qulluqçular və bir mülki şəxs həlak oldu.
Tovuz hadisələri Qarabağdakı münaqişə zonasından kənarda, dövlət sərhədində yeni hərbi gərginliyin yaradılması cəhdi idi. Həmin hadisələrdən sonra Paşinyanın irəli sürdüyü tələblər də Bakıda danışıqlar prosesinin mahiyyətinə zidd yanaşma kimi qiymətləndirildi. Azərbaycan Xarici İşlər Nazirliyinin materiallarında 23 iyul 2020-ci ildə Paşinyanın yeddi şərt irəli sürdüyü və bunların arasında Qarabağdakı separatçı qurumun danışıqlarda ayrıca tərəf kimi iştirakının gücləndirilməsi tələbinin də olduğu qeyd edilir.
Beləliklə, 2020-ci ilin yayında siyasi ritorika ilə hərbi gərginlik paralel şəkildə inkişaf edirdi.
Sentyabrın 27-də başlanan genişmiqyaslı hərbi əməliyyatlar isə artıq münaqişənin əvvəlki formatını dəyişdi. 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsinə nəzarətini bərpa etdi. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı isə hərbi mərhələnin dayandırılması ilə yanaşı, sonrakı siyasi proses üçün yeni çərçivə yaratdı.
10 noyabr bəyanatı müharibəni dayandırsa da, Qarabağ məsələsi dərhal həll olunmadı.
Azərbaycanın əsas narazılıqlarından biri Ermənistan silahlı qüvvələrinin Qarabağda qalması idi. Bakı hesab edirdi ki, bu vəziyyət üçtərəfli bəyanatın ruhuna və müddəalarına ziddir. Eyni zamanda Laçın dəhlizindən hərbi məqsədlərlə istifadə edilməsi, silah və sursat daşınması, yeni minaların yerləşdirilməsi barədə Azərbaycan ardıcıl məlumatlar verilirdi.
2022-ci ildə Sarıbaba istiqamətində aparılan əməliyyat zamanı Ermənistan istehsalı olan minaların aşkarlanması Qarabağdakı vəziyyətin yalnız humanitar məsələ olmadığını göstərirdi. Bu fonda "Fərrux" və "Qisas" əməliyyatları da Azərbaycan ərazisində qalan erməni silahlı birləşmələrinin fəaliyyətinə cavab idi.
Ruben Vardanyanın 2022-ci ildə Qarabağa gəlməsi də həmin dövrün diqqətçəkən hadisələrindən biri oldu. O, Qarabağda separatçı strukturların fəaliyyətinə siyasi və maliyyə dəstəyi verir, reinteqrasiyaya qarşı mövqe nümayiş etdirirdi.
Ermənistanın bu əlaqələri tam dayandırması mümkün olduğu halda, əksinə, separatçı strukturların beynəlxalq səviyyədə siyasi gündəmdə saxlanılması üçün müxtəlif kanallardan istifadə olunurdu.
2022-ci ildə Praqada əldə edilən razılaşmadan sonra belə proses tam şəkildə dayanmadı. Separatçı qurumun məktublarının Avropa rəsmilərinə çatdırılması, müxtəlif xarici siyasətçilərin Qarabağa səfərlərinin təşkili və regionla bağlı beynəlxalq təzyiq mexanizmlərinin yaradılması cəhdləri davam edirdi.
2023-cü ilin sentyabrı isə artıq prosesin son mərhələsinə çevrildi.
Sentyabrın 2-də Nikol Paşinyanın Qarabağdakı separatçı qurumun qondarma “müstəqillik günü” ilə bağlı təbrik mesajı göndərməsi Azərbaycan tərəfindən kəskin şəkildə pisləndi. Azərbaycan Prezidentinin rəsmi saytında da bu hadisə həmin dövrün təxribatları sırasında qeyd edilir. Ardınca sentyabrın 9-da separatçı qurumun qondarma “prezident seçkiləri” keçirməsi gərginliyi daha da artırdı.
Bakı üçün bu hadisələr bir məsələni aydınlaşdırdı: Qarabağda paralel siyasi-hərbi strukturun mövcudluğu davam etdiyi müddətdə Azərbaycan öz ərazisində tam suverenliyini həyata keçirə bilməzdi.
Sentyabrın 19-da başlayan antiterror tədbirləri məhz bu şəraitdə həyata keçirildi. Əməliyyatın məqsədi Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi, onların Azərbaycan ərazisindən çıxarılması, hərbi infrastrukturun zərərsizləşdirilməsi və konstitusiya quruluşunun bərpası idi.
Əməliyyatdan sonra separatçı qurum özünü buraxdığını elan etdi və Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini tam bərpa etdi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını qaldırması isə bu prosesin siyasi və simvolik yekunlarından biri oldu.
Beləliklə, 2019-cu ildə Xankəndidə “Artsax Ermənistandır” deyən siyasi xəttlə 2023-cü ildə Xankəndidə Azərbaycan bayrağının qaldırılması arasında cəmi dörd il var idi.
Ağarza Elçinoğlu










.jpg)
.jpg)







.jpg)











.jpg)





.jpg)







.jpg)










