"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük".

"Unikal" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib.

"Əlbəttə, ölkələrimizin və xalqlarımızın daha bir oxşarlığını, yəni bizim öz mənəvi və milli prinsiplərimizə sadiq olmağımızı da qeyd etmək çox vacibdir. Əlbəttə, ölkələrimizdə milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür. Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir. Bu kontekstdə, əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir, o cümlədən gənclər siyasəti ilə bağlı tədbirlər çərçivəsində.

Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük. Bəzi ölkələr artıq həyəcan təbili çalırlar ki, belə davam edərsə, əhali sadəcə olaraq, kritik səviyyəyə qədər azalacaq. Bizim ölkələrimizdə isə əks proses gedir, yəni əhalinin artması prosesi müşahidə olunur. Bəli, bu, müəyyən mərhələdə, əgər fəal iqtisadi siyasətlə, o cümlədən sosial infrastrukturun yaradılması və iş yerlərinin sayının artırılması ilə dəstəklənməzsə, müəyyən iqtisadi, hətta sosial problemlərə gətirib çıxara bilər. Lakin ölkələrimizdə həm iqtisadi artımın, həm də sosial rifahla bağlı məsələlərin uğurla həll edildiyini görürük", - deyə dövlət başçısı qeyd edib.