Xəbər verdiyimiz kimi, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı açıqlama verib. O, Ermənistan və erməni diasporundakı revanşist qüvvələrin sülh prosesini pozmağa çalışdığını bildirib. Həmçinin Azərbaycanın öz ərazisində xristian irsinin qorunmasına sadiq olduğunu vurğulayıb.

Məsələ ilə bağlı "Unikal"a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Prezidentin köməkçisi cənab Hikmət Hacıyevin fikirləri ümumən Azərbaycan xalqının fikirləridir:

"Azərbaycan xalqı çətin mübarizədə işğala son qoyub, ərazi bütövlüyünü, suverenliyini bərpa edib və onu qorumaq əzmindədir. Dəfələrlə dövlət rəsmiləri Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycanın kimliyinə hədə gələn xarici dairələrə öz kəskin münasibətlərini bildiriblər. Bu, eyni zamanda Ermənistandakı müəyyən siyasi dairələrə aiddir. Düzdür, onlar hakimiyyətdə deyillər, ancaq bununla belə, vaxtaşırı Azərbaycana hədə gəlir, Azərbaycanla münaqişənin yenidən qızışacağını bildirirlər.

Görünən isə ondan ibarətdir ki, Azərbaycanı belə hədələrlə qorxutmaq olmaz. Azərbaycan 80-90-cı illərin Azərbaycanı deyil. Cənab Prezidentin apardığı siyasət nəticəsində Azərbaycan siyasi, hərbi, iqtisadi, diplomatik cəhətdən qüvvətlənib. Azərbaycan özünün işğal problemini özü, təkbaşına həll etdi və bundan sonra da istənilən təxribata, istənilən münaqişəyə ən yüksək səviyyədə cavab verməyə hazırdır.

Azərbaycan sülh istəyir, sülhün təminatçısıdır və bu prosesi pozmaq istəyənlərə layiqli cavab verməyə həmişə hazırdır. Sülh əldə etmək çox çətindir. Azərbaycan sülhü 30 illik mübarizədən sonra əldə etdi və bu gün onun diplomatik, siyasi, hüquqi əsasını yaradıb. Ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması onu göstərdi ki, Azərbaycan sülhə doğru çox inamla addımlayır. Biz Ermənistanla normal qonşuluq münasibətləri qurmaq əzmindəyik. Bu istəyi Ermənistandan da gözləyirik və Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə iddianı çıxartdıqdan sonra müqavilə imzalanacaq, sərhədlər açılacaq, diplomatik əlaqələr qurulacaqdır", - deyə Aydın Mirzəzadə vurğulayıb.

Deputat bildirib ki, sülh prosesi hər iki tərəfin fəaliyyətindən asılıdır:

"Azərbaycan özünə aid olan hissəni gedib və Ermənistandan da bunu gözləyirik. Yox, əgər Ermənistanda müəyyən qüvvələr bunu pozacaqlarsa, Azərbaycan da müvafiq cavabını verəcək. Sülh ilk növbədə bu gün Ermənistanın özünə lazımdır və Ermənistan bundan nəticə çıxartmalıdır.

Xristian irsi Azərbaycan ərazisində yüksək səviyyədə qorunur. Tək bu istiqamətdə deyil, tariximizə, mədəniyyətimizə aid olan hər faktor Azərbaycanda ciddi surətdə qorunur. Azərbaycanda müxtəlif dinlərin mədəniyyət nümunələri var. Biz həm paytaxtda, həm də regionlarda bunun dövlət tərəfindən necə qorunduğunun şahidiyik. Söhbət müsəlmanlıqdan və yaxud da xristianlıqdan getmir, söhbət bəşəriyyətin, söhbət Azərbaycan əhalisinin mədəni irsindən gedir. Azərbaycan bu gün dünyaya həmin irsin qorunma nümunəsini göstərir", - deyə A.Mirzəzadə əlavə edib.

Murad İbrahimli