Naxçıvan Muxtar Respublikasının Şərqi Zəngəzur və Qarabağla vahid konsepsiya əsasında inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Bu strategiya təkcə "yaşıl zona"nın yaradılmasını deyil, həm də regional iqtisadiyyatın kompleks şəkildə dəstəklənməsini nəzərdə tutur.

"Unikal"ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə sahibkarlığı stimullaşdırmaq üçün tətbiq edilən güzəştlər artıq Naxçıvanda da qüvvədədir:

"İşğaldan azad edilmiş ərazilərdə 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq olunan güzəştlərin Naxçıvanda da şamil edilməsi regionlara olan vahid yanaşmanın göstəricisidir. Bu qərar muxtar respublikada fəaliyyət göstərən və istehsalatla məşğul olan sahibkarlar üçün böyük imkanlar açır."

10 il müddətinə tətbiq edilən əsas güzəştlər:

Vergi azadolmaları: Naxçıvanda vergi uçotunda olan və istehsalla məşğul olan rezidentlər 10 il müddətində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tam azad edilib.

Satışdankənar gəlirlər və dividendlər: Vergi azadolmaları rezidentlərin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə etdikləri satışdankənar gəlirlərinə, həmçinin hüquqi şəxslərin səhmdarlarının dividend gəlirlərinə də şamil olunur.

İdxalda ƏDV azadlığı: ƏDV qeydiyyatında olan rezidentlər tərəfindən istehsal məqsədilə ölkəyə gətirilən müvafiq texnika, texnoloji avadanlıq, qurğu, xammal və materialların idxalı ƏDV-dən azad edilib.

Deputat vurğulayıb ki, tətbiq olunan bu güzəşt paketi Naxçıvanda biznes mühitinin canlanmasına, muxtar respublikanın maliyyə imkanlarının genişlənməsinə və daxili mənbələr hesabına büdcə daxilolmalarının artmasına xüsusi təkan verəcək.