Ermənistan Baş Prokurorluğunun tələbi ilə Göyçə gölünün sahilində keçmiş yüksək vəzifəli məmurlara və onların qohumlarına məxsus kotteclər, digər binalar sökülüb.

"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Xüsusilə, keçmiş müdafiə naziri Seyran Ohanyanın və keçmiş polis rəisi Vladimir Qasparyanın evlərinin hasarları, eləcə də Ermənistan Respublika Partiyasının sədr müavininin qardaşı, keçmiş Geqarkunik qubernatoru Rafik Qriqoryanın oğlu Armen Aşotyanın və keçmiş Milli Məclisin sədri Samvel Nikoyanın oğluna məxsus kotteclər sökülüb.
Prokurorluğun məlumatına görə, bütün bu əmlaklar dəniz səviyyəsindən icazə verilən 1905 metr yüksəklikdən aşağıda yerləşdiyinə görə sökülüb.

Prokurorluq həmçinin qeyd edib ki, məhkəmələr Vladimir Qasparyanın, Seyran Ohanyanın, Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti Ruben Ayrapetyanın və digərlərinin əmlakı ilə bağlı bir sıra iddialara baxmağa davam edir.

Bundan əvvəl Baş Prokurorluq, həmçinin, Göyçə gölünün sahilində iş adamı Qaqik Tsarukyana məxsus "Multi Group" şirkətinə məxsus yaşayış binalarının və digər tikililərin müsadirə edilməsini tələb etmişdi.