Almaniya və Danimarka sərhəd nəzarətini davam etdirməyi qərara alıb.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Danimarkanın miqrasiya və inteqrasiya naziri Morten Bodskov ilə görüşdən sonra məlumat verib.

Hər iki nazir qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında sərhəd nəzarətinin mühüm rol oynadığını və son aylarda müsbət nəticələr verdiyini bildirib. A.Dobrindt qeyd edib ki, Danimarka sərhədində qanunsuz keçidlərin sayı az olsa da, hər iki ölkənin hüquq-mühafizə orqanları miqrant qaçaqmalçılarına qarşı sıx əməkdaşlıq edir. M.Bodskov da hazırkı şəraitdə sərhəd nəzarətinin zəruri olduğunu vurğulayıb.

Almaniya Danimarka ilə sərhəddə daimi yoxlamalara 2024-cü il sentyabrın 16-da, Danimarka isə 2024-cü il mayın 12-də başlayıb.

Nazirlər, həmçinin Aİ hüdudlarından kənarda yaradılması planlaşdırılan deportasiya mərkəzləri ilə bağlı əməkdaşlığın davam etdiyini bildiriblər. Onların sözlərinə görə, bu il tərəfdaş ölkə ilə razılıq əldə olunacağı, ilk pilot layihənin isə 2027-ci ildə həyata keçiriləcəyi gözlənilir.