Ankarada keçirilən NATO Zirvə Toplantısı zamanı ABŞ Prezidenti Donald Tramp diqqət çəkən açıqlamalar verərək Türkiyənin tezliklə F-35 qırıcı təyyarələri alacağını bildirib.

"Unikal" xəbər verir ki, ABŞ lideri Türkiyəni tərk etməzdən əvvəl verdiyi son açıqlamada F-35 məsələsində geri addım atıb. Belə ki, o, bu barədə hələ tam qərar vermədiyini deyib.

Tramp öncə Türkiyənin S-400 raketlərini alması səbəbindən tətbiq edilən CAATSA sanksiyalarının ləğv ediləcəyini açıqladı.

O, həmçinin Türkiyəyə F-35 qırıcı təyyarələri verməyi düşündüklərini və tezliklə onları alacaqlarını bildirib. Çərşənbə günü o, Türkiyə Silahlı Qüvvələrini tərifləyərək deyib: "Onlar tezliklə F-35-ləri alacaqlar".

Lakin ABŞ lideri Türkiyəni tərk etməzdən əvvəl bildirib ki, hələ F-35-lərin çatdırılması ilə bağlı yekun qərar verməyib.

Trampın açıqlamaları Türkiyənin uzun müddətdir ki, yenidən qoşulmaq istədiyi F-35 proqramı üçün müsbət bir irəliləyiş kimi qəbul edilmişdi. Türkiyənin əvvəllər proqram çərçivəsində milyardlarla dollar ödəniş etməsi də yenidən diqqət mərkəzinə gətirilib.

ABŞ Konqresində məhdudlaşdırıcı qaydalara baxmayaraq, Trampın F-35 tədarükü ilə bağlı tədbir görə biləcəyi gözləntiləri Ankarada nikbin bir atmosfer yaradıb.

Lakin Trampın Türkiyəni tərk etməzdən əvvəl verdiyi son açıqlama bu nikbin atmosferə kölgə salıb.

Tramp Beştəpədə keçirdiyi son mətbuat konfransında F-35-lərlə bağlı suala cavab olaraq deyib: "Bunu edib-etməyəcəyimizə hələ tam qərar verməmişəm".

Onun açıqlaması Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı prosesin hələ yekunlaşmadığını göstərir. 

Ağarza Elçinoğlu