Albaniyanın Baş naziri Edi Rama bildirib ki, amerikalı reper Kanye Uestin çıxışı üçün 4 milyon avro ayırmaq qərarı ölkənin nüfuzuna xələl gətirməmək və tədbirə bilet alan minlərlə xarici qonağın məyusluğunun qarşısını almaq üçün verilib/

"Unikal" xəbər verir ki, konsertin 11 iyulda Tirana yaxınlığında keçirilməsi planlaşdırılır. Bunun üçün müvəqqəti stadion tikilib.

"Kanye Uest konsertinə bilet alan 80 ölkədən təxminən 25.000 xarici qonağın qarşısında Albaniyanı utandırmamaq üçün son anda 4 milyon avro ayırdıq, halbuki bir çoxları tədbirin ləğv olunacağından qorxurlar", - deyə Rama sosial mediada yazıb.

Baş nazirin sözlərinə görə, tədbir zamanı otel rezervasiyalarının artması sayəsində konsert ölkə üçün ən azı 100 milyon avro gəlir gətirə bilər.

Hökumətin qərarı tənqid dalğasına səbəb olub. Ye kimi də tanınan Kanye Uest əvvəllər Adolf Hitleri tərifləyən açıqlamalar və nasist simvollarını əks etdirən paylaşımlar da daxil olmaqla şərhlərinə görə bir neçə Avropa ölkəsində konsert məhdudiyyətləri ilə üzləşib. Sənətçi daha sonra bəzi şərhlərinə görə üzr istəyib.

Tənqidçilər Albaniya hakimiyyətini mübahisəli sənətçinin çıxışını maliyyələşdirməkdə günahlandırırlar.