Cənubi Qafqaz mövzusu ABŞ Prezidenti Donald Trampla Ankarada keçirilən görüşdə müzakirə olunmayıb, lakin bu məsələ lazım gələrsə, gündəliyə daxil ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO dövlət və hökumət başçılarının 36-cı sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O, alyansın ikigünlük sammitinin nəticələrini “çox uğurlu və tarixi” adlandırıb.

“Sammitin yekunlarına əsasən, daha güclü Şimali Atlantika blokunun təməli qoyulub. NATO-nun 32 ölkəsinin hamısının Türkiyə paytaxtında lider səviyyəsində təmsil olunması faktı Türkiyə diplomatiyasına olan etimad və hörmət səviyyəsini göstərir”, - deyə Prezident bildirib.

Onun sözlərinə görə, sammit Şimali Atlantika təhlükəsizliyinin ciddi problemlərlə üzləşdiyi bir dövrə təsadüf edib: “Əminəm ki, müzakirələrin nəticələri ümumi gələcəyimiz üçün bələdçi olacaq”.

Rəcəb Tayyib Ərdoğan müasir Türkiyənin nailiyyətlərinə də diqqət çəkib. “Müdafiə xərcləri, hərbi potensial və hərbi-sənaye kompleksinin gücü baxımından Türkiyə bir çox müttəfiq ölkələrdən qabaqdadır. NATO-da ikinci ən böyük və ən güclü orduya sahibik. Alyansın cənub-şərq cinahının təhlükəsizliyi Ankara tərəfindən uzun müddət təmin edilir”, - deyə o vurğulayıb.

Türkiyə dövlətinin başçısı Avropa müttəfiqlərini müdafiə təşəbbüsləri ilə NATO-nun potensialına fəal töhfə verməyə çağırıb: “Layihələrin lazımsız təkrarlanması ilə məşğul olmaq lazım deyil, blokun gücünü artırmaq lazımdır”.

Rusiya-Ukrayna müharibəsinə toxunan Türkiyə Prezidenti “ədalətli sülhdən uduzanların olmayacağını” vurğulayıb. “Türkiyədə yeni sülh danışıqlarının təşkilinə hazır olduğumu bir daha bəyan edirəm”, - deyə o bölgənin sülhə ehtiyacı olduğunu bildirib.