Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (#AHİK) nümayəndə heyəti İtaliyanın Turin şəhərində yerləşən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Təlim Mərkəzində (ITCILO) keçirilən “Gələcəyə yönələn həmkarlar ittifaqı təhsili” mövzusunda beynəlxalq təcrübə mübadiləsi proqramında iştirak edib.
"Unikal" xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistandan olan həmkarlar ittifaqları nümayəndələrini bir araya gətirən proqram işçilərin təhsili sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, innovativ təlim metodlarının tətbiqi və həmkarlar ittifaqlarının institusional potensialının gücləndirilməsi sahəsində təcrübələrin bölüşülməsi məqsədilə təşkil olunub.
Proqram çərçivəsində iştirakçılar BƏT-in İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV) təhsil strategiyası, işçilərin təhsili sahəsində müasir yanaşmalar, layiqli əməyin təşviqinə xidmət edən təlim modelləri, rəqəmsal öyrənmə imkanları və innovativ tədris metodologiyaları ilə tanış olublar.
İştirakçılar həmçinin ITCILO-nun İnnovasiya Laboratoriyasının fəaliyyəti, “eCampus” rəqəmsal təhsil platformasının imkanları, onlayn təlimlərin təşkili, rəqəmsal tədris resurslarının hazırlanması və qiymətləndirmə mexanizmləri üzrə praktiki biliklər əldə ediblər.
Təlim çərçivəsində AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin fəaliyyəti barədə təqdimat keçirilib. Təqdimatda Mərkəzin təlim istiqamətləri, həyata keçirdiyi layihələr və peşəkar inkişaf sahəsində əldə etdiyi təcrübə iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin yekununda iştirakçı ölkələrin nümayəndə heyətləri fəaliyyət planlarını təqdim ediblər. Fəaliyyət planlarında əksini tapan prioritet hədəf qrupları, müasir təlim formatlarının tətbiqi, rəqəmsal öyrənmə imkanlarının genişləndirilməsi, beynəlxalq tərəfdaşlığın inkişafı və BƏT-in Beynəlxalq Təlim Mərkəzi ilə gələcək əməkdaşlığın istiqamətləri üzrə müzakirələr aparılıb.




























.jpeg)



.jpg)



















