Fransada baş vermiş son meşə yanğınları ilə bağlı qəsdən yanğın törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

"Unikal" BFMTV telekanalına istinadən xəbər verir ki, Ero departamentində 20 yaşlı bir gənc od qalayarkən saxlanılıb.

Həmin şəxs hadisə yerində içərisində yanacaq olan kanistrlə tutulub. O, qısa müddət ərzində baş vermiş daha doqquz yanğının törədilməsində şübhəli bilinir. Rona departamentində isə təbiət ərazilərində baş verən və təxminən 70 nəfərin təxliyəsinə səbəb olan bir sıra yanğınlardan sonra 29 yaşlı bir kişi saxlanılıb.

Son günlər Fransada, əsasən ölkənin cənubunda çoxsaylı meşə yanğınları ilə mübarizə aparılır. Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirib ki, bu mövsüm artıq 14 500 hektar ərazi yanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.