Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif olunub.
"Unikal"ın məlumatına görə, Vətən müharibəsi şəhidi olan hərbçilərimizdən 6 nəfəri "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Onlar mayor Əliyev Asiman Vaqif oğlu, kapitan Əsgərov Samid Gülmalı oğlu, baş leytenant Seymur Hüseyn oğlu, leytenant Bəşirov Hakim Nizam oğlu, leytenant Qorçuyev Anar Nadir oğlu və gizir Məcidov Rafiq Rasim oğludur.
Mayor Asiman Əliyev 2020-ci il noyabrın 7-də Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Kapitan Samid Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində ilk gündən düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirib. Oktyabrın 3-də Füzuli istiqamətində iştirak etdiyi döyüşdə şəhid olub.
Baş leytenant Seymur Hüseyn oğlu 2020-ci il 16 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərin birində ayaq, qarın və baş nahiyəsindən ağır yaralanıb. 41 gün komada qalan igidimiz noyabrın 26-sı şəhadətə qovuşub.
Leytenant Hakim Bəşirov Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərib. Oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhadətə yüksəlib.
Leytenant Anar Qorçuyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub.
Gizir Rafiq Məcidov Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 9 noyabrda Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.








.jpg)






































.jpg)






