Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) artıq sadəcə dövlətlərarası platforma deyil. 

İraq parlamentinin kərkük icmasının nüfuzlu təmsilçilərindən olan Ərşad Salihinin Bakıda İraq türkmənlərinin və ümumilikdə dövləti olmayan türk toplumlarının Türk Dövlətləri Təşkilatında təmsilçiliyinin genişləndirilməsi ilə bağlı Azərbaycan liderinə çağırışı da bunu sübut edir. Bu təşəbbüs ilk baxışdan simvolik xarakter daşısa da, əslində türk dünyasının gələcək inteqrasiya modelinə dair mühüm geosiyasi müzakirələri gündəmə gətirir.

2009-cu ildə yaradılan Türk Dövlətləri Təşkilatı ilkin mərhələdə üzv dövlətlər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq platforması kimi nəzərdə tutulurdu. Lakin son illərdə təşkilatın fəaliyyət istiqamətləri genişlənərək daha dərin inteqrasiya modelinə doğru inkişaf edir. 

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, "Türk dünyası bizim ailəmizdir" və Azərbaycan TDT-ni xarici siyasətinin əsas prioritetlərindən biri hesab edir. Dövlət başçısının fikrincə, təşkilat artıq regional çərçivələri aşaraq qlobal nüfuza malik siyasi platformaya çevrilməkdədir. 

Bu yanaşma göstərir ki, TDT-nin gələcək inkişafı yalnız müstəqil türk dövlətləri arasında əməkdaşlıqla məhdudlaşmaya bilər.

Türk dünyası yalnız Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandan ibarət deyil. İraq türkmənləri, Suriya türkmənləri, Krım tatarları, Qaqauzlar, Altay türkləri, Tuvinlər, Xakaslar və digər türk mənşəli xalqlar müxtəlif dövlətlərin tərkibində yaşayırlar.

Məhz bu səbəbdən Kərkükdən səslənən təşəbbüs daha geniş məna kəsb edir. Ərşad Salihi bundan əvvəl də İraqın və xüsusilə türkmən icmasının TDT-də müşahidəçi formatında təmsil olunmasının vacibliyini vurğulamışdı. 

Əgər gələcəkdə təşkilat daxilində "Türk xalqları assambleyası", "Türk icmaları şurası" və ya buna bənzər institutlar yaradılarsa, dövləti olmayan türk toplumlarının da TDT məkanında institusional təmsilçiliyi mümkün ola bilər.

Bu prosesdə Azərbaycanın mövqeyi diqqət çəkir. Son illərdə Bakı türk dünyasının inteqrasiyasının əsas təşəbbüskarlarından biri kimi çıxış edir. 

Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşləri, Qarabağ Bəyannaməsinin qəbul olunması, TDT institutlarına maliyyə dəstəyi və Türk dünyası ilə bağlı humanitar layihələr Azərbaycanın təşkilat daxilində lider aktorlardan birinə çevrildiyini göstərir. 

Təsadüfi deyil ki, İraq türkmənlərinin nümayəndələri də öz müraciətlərini ilk növbədə Bakıya ünvanlayırlar. Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi nəticələr türk dünyasında siyasi nüfuzun artmasına səbəb olub və Bakı bir çox türk icmaları üçün təbii koordinasiya mərkəzi kimi qəbul edilir. 

TDT-nin gələcək genişlənməsində ən maraqlı presedent Şimali Kipr Türk Cümhuriyyəti hesab olunur. ŞKTC müşahidəçi statusu alaraq təşkilatda təmsilçilik hüququ əldə edib və bu addım türk dünyasının siyasi sərhədlərinin formal dövlət çərçivəsindən kənara çıxa biləcəyini göstərib. 

Bu model gələcəkdə İraq türkmənləri və digər türk icmaları üçün də müəyyən formatların yaradılmasına yol aça bilər.

Kərkükdən Bakıya ünvanlanan müraciət əslində təkcə İraq türkmənlərinin məsələsi deyil. Bu, Türk Dövlətləri Təşkilatının gələcək inkişaf fəlsəfəsinə dair strateji sualdır: təşkilat yalnız müstəqil türk dövlətlərinin birliyi olaraq qalacaq, yoxsa, bütün türk xalqlarının ümumi siyasi-mədəni platformasına çevriləcək?

Hazırkı tendensiyalar göstərir ki, TDT mərhələli şəkildə ikinci modelə doğru hərəkət edir. Bu prosesin mərkəzində isə həm siyasi iradə, həm iqtisadi imkanlar, həm də geosiyasi nüfuz baxımından Azərbaycan dayanır. Türk dünyasının inteqrasiyası dərinləşdikcə, dövləti olmayan türk toplumlarının da bu platformada daha görünən və institusional şəkildə təmsil olunması ehtimalı artır. 

Ağarza Elçinoğlu