Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin qızının istintaq dövründə verdiyi ifadəsi elan edilib:

"2024-cü ilin noyabrında babamla nənəm  Türkiyədə oxuyan bacıma baş çəkməyə getdilər, atam da onları aeroporta yola salmağa getdi. Mən qardaşım və anamla evdə qaldım. Həmin gün dərsə getməmişdim; hərdən belə edim dərslərimə evdə  hazırlaşırdım. Bir neçə saatdan sonra atam qayıtdı. Atamdan icazə alıb nənəmgilə getdim. Həmin gün və səhər orada qaldım. Telefonum evdə qaldığından geri dönəndə atamı evdə görmədim. Anamdan soruşanda, dedi ki, atam tüfəngini də götürüb gedib. Deyib ki, əgər gec gəlsəm, anam və və qardaşımla nənəm Solmazgilə gedək.Babam Türkiyədən  gələndən sonra evimizə qayıtdıq. Bir neçə gün geçdi, atamdan bir xəbər çıxmadı. Atamın itgin düşməsi ilə bağlı polisə müraciət olundu. Polisin məlumatına kimi onun anam tərəfindən öldürüldüyünü bilməmişəm. Bu hadisənin səbəbi kimi atamla anamın pis münasibətini səbəb bilirəm".

Məhkəmə zalında zərərçəkənin hüquqi nümayəndəsi ilə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.

Təqsirləndirilən Elmira Əliyeva "Oğlunuzun qəbrinə həsrət qalasınız" -deyə səslənib.

Daha sonra şahid qismində təqsirləndirilən şəxsin anası dindirilib:

"Allaha ağır getməsin, amma Samir yaxşı adam deyildi. Həm cani idi, həm də oğru. Hadisədən sonra xəbər tutmuşam. Əvvəllər yaxşı münasibətdə  olublar. Sonra təmiz dəyişdi: həm öz ata-anasına, həm də qızıma qarşı. Samir öz anası ilə o qədər pis münasibətdə idi ki, anası deyirdi ki, "Gəlmə qəbrimin üstünə. Üç nəfər  adam tutacam, aparıb məni xəndəyə tullasın". Deyirdim bir gün kimsə bunu öldürəcək. Qızımı ölümcül halda döyürdü. İstəyirdi bizim evə  köçsün, qoymadım. Deyirdi "Axı day-day ( həyat yoldaşım) deyir ev sizindir. Dedim "Qoy biz ölək, sonra ev sənin olsun". Bunların ailəsi arı pətəyi kimi bir həyətdə olurdular; hamısı da cani, qatil. Dəfələrlə qızımı bədənindəki xəsarətlərə, sınıqlara  görə xəstəxanaya aparmışam. Bir dəfə qızımın bişirdiyi yumurtanı bəyənməmişdi. Qızımı hədəf kimi qoyub yumurtaları onun başında sındırmışdı. Atası Arif kişiyə dedim belə olmaz, bir çarə tapın. Anası deyirdi "Neyləyə bilərik, bu onun yoludur". Evdəkilərə vaxt, saatla yemək verirdi. Bir dəfə atası soyuducudan pendir götürmüşdü. Bunun üstündə az qala kişini boğurdu. Biz 9 aydan sonra  C-nin  dediyindən sonra Samirin  ölümünü bilmişik".

Məhkəmə tərkibi təqsirləndirilənin azyaşlı oğlunu psixoloq müşayiəti ilə  hadisə günü yeganə şahid kimi məhkəməyə dəvət etmək istəyib. Lakin təqsirləndirilən şəxs və zərərçəkənin hüquqi varisi uşağın həssas durumuna görə buna etiraz ediblər.

Məhkəmənin növbəti iclası avqustun 6-na təyin edilib. 

Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. 

Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu