Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşun memarlıq izi” mövzusunda birgə tədbir keçirib.

"Unikal" xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin İntizam komissiyasının sədri, millət vəkili Eldar İbrahimov, YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov RİH başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının həmçinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.

İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Öncə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərini əks etdirən sənədli film nümayiş olunub.

Sonra rəsmi çıxışlar dinlənilib. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək bildirib ki, 15 İyun 1993-cü il Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, ictimai-siyasi sabitliyin təmin edilməsində və dövlət quruculuğunun möhkəmləndirilməsində mühüm rol oynayıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan inkişaf və tərəqqi yoluna qədəm qoyub.
Daha sonra Eldar İbrahimov, Dilarə Seyidzadə, Rauf Əliyev, Namiq Əhmədov və şəhid anası Reyhan Yusifzadə çıxışlarında Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin inkişafındakı müstəsna rolundan, Ulu Öndərin siyasi irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.
Natiqlər çıxışlarında vurğulayıblar ki, bu gün Azərbaycan güclü dövlət, qalib xalq kimi regionda və beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirir, əldə olunan bütün uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır.

Tədbirdə həmçinin YAP İdarə Heyətinin üzvü Rauf Əliyev 70 illik yubileyi və rayonun ictimai-siyasi həyatında müstəsna xidmətlərinə görə Xəzər Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı ilə təktif olunub.

Rəsmi hissədən sonra tədbir bədii-musiqili proqramla davam edib. 

Sonda təşkilatçılar Milli Qurtuluş Gününün xalqımızın taleyində müstəsna əhəmiyyətə malik olduğunu bir daha vurğulayaraq iştirakçılara təşəkkür ediblər. Daha sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilib və tədbir başa çatıb.