Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, heykəltəraş İman Mustafayev vəfat edib.

"Unikal" xəbər verir ki, o bu gün dünyasını dəyişib.

Qeyd edək ki, o, təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb, "Rəngkarlıq-heykəltəraşlıq" ixtisasını bitirib. Müntəzəm olaraq dövlət sərgilərində iştirak edən İman Mustafayevin müxtəlif illərdə fərdi sərgiləri açılıb. O, həmçinin Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Estoniya və digər ölkələrdə keçirilən sərgilərin iştirakçısı olub. Əsasən realizm üslubunda əsərlər yaradan fırça ustası mənzərə və portret janrlarına daha çox müraciət edir. 

Rəssam tablolarında daha çox milli ruha üstünlük verir. Bu tablolar öz koloriti ilə həmişə tamaşaçı diqqətini çəkir. Bunlara "Ulu öndər Heydər Əliyev", "Xəlil Rza Ulutürk", "Oqtay Rza", "Həsən Məmmədov", "Qara çənlər", "Köhnə şəhər", "Uğurlu ov", "Vətəgədə", "Kür mənzərəsi", "Aynalı körpü" və digər əsərlərini aid etmək olar. İman Mustafayev həm də heykəltəraş kimi "Akademik", Atamın büstü", "Milli Qəhrəman Nazim Babayev", "Şəhid Ziyad Əhmədov" və digər abidə və büstlərin müəllifidir.

Onun yaratdığı rəsm əsərləri və büstlər ölkəmizdə və xaricdə müxtəlif qalereyalar, muzeylər və şəxsi kolleksiyalarda qorunub saxlanılır. 

Qeyd edək ki, İman Mustafayev həm də Salyan Dövlət Rəsm Qalereyasının qurucusu olub və 36 il bu sənət ocağına rəhbərlik edib.

Xəlil Əliyev