Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan ilə Gürcüstan arasında 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışına icazə verilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.