Mayın 20-də Polşa Respublikasının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirakla bağlı Bakı şəhərində olan nümayəndələri Lublin şəhər meriyasının Strategiya və investorlara əlaqələr departamentinin direktoru Maius Şaqan, Uniyov şəhərinin təmsilçiləri Damian Kaczmarek, İreneuz Szczesin və Polşa-Azərbaycan Ticarət Palatasının əməkdaşı Aleksandra Tomaşevka Lənkərana səfər ediblər. 

"Unikal" xəbər verir ki, Lənkəran şəhəri ilə Lublin şəhəri arasında qardaşlaşma əlaqələrinin təsis edilməsi məsələlərini müzakirə etmək məqsədilə təşkil olunan səfər çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov qonaqları qəbul edib. 

İcra başçısı Azərbaycan-Polşa arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib və qonaqlara Lənkəranın tarixi, coğrafi mövqeyi, ictimai-siyasi və sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib. 

Səmimi qəbula və qonaqpərvərliyə görə icra başçısına təşəkkür edən polşalı qonaqlar Azərbaycanın son illərdəki dinamik inkişafını və cənab Prezident İlham Əliyevin müdrikliklə həyata keçirdiyi uğurlu xarici siyasəti yüksək dəyərləndiriblər, ölkələrimiz arasındakı ən yüksək səviyyədə dostluq münasibətlərinin olduğunu və bu əlaqələrin qarşılıqlı şəhərlər səviyyəsində qurulmasına önəm verdiklərini vurğulayıblar. 

Lublin şəhər meriyasının Strategiya və investorlara əlaqələr departamentinin direktoru Maius Şaqan bildirib ki, Lublin və Lənkəran arasında mədəni, turizm, kənd təsərrüfatı və təhsil sahəsində qarşılıqlı əlaqələrin qurulmasında daha çox maraqlıdırlar və bu istiqamətdə əməkdaşlığın qurulması, əlaqələrin inkişaf etdirilməsi perspektivləri böyükdür.

Daha sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Səfər çərçivəsində polşalı qonaqlar Lənkəran rayonunun zəngin təbiəti, gəzməli yerləri və tarixi abidələrinin bir qismi ilə tanış olublar.