Bakı-Ələt-Qazax-Gürcüstan dövləti sərhədi avtomobil yolunun Bakı istiqamətində 55-ci kilometrliyində yerləşən kanal körpüsündə çökmə qeydə alınıb.

Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb. Hadisə yerinə dərhal agentliyin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək paytaxt istiqamətində hərəkət məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib.

Əraziyə agentliyin mütəxəssisləri cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərər müəyyənləşdirilir. Qısa müddət ərzində bərpa işlərinə başlanılacaq.

*** 16:50

Bu gün saat 16 radələrində Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində körpüdə çökmə baş verib.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə zamanı yük avtomobili çökən hissəyə düşüb.

Hadisə nəticəsində ərazidə böyük tıxac yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğuya cavab olaraq bildirilib ki, qurumun əməkdaşları artıq əraziyə cəlb ediliblər:

"Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və mütəxəssis qrupu göndərilib. Araşdırmadan sonra körpüyə dəymiş zərər müəyyən ediləcək və müvafiq tədbirlər görüləcək".