İşğaldan azad olunan Cəbrayıl şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində səhiyyə infrastrukturunun yaradılması istiqamətində də mühüm addımlar atılır. Hazırda şəhərdə müasir standartlara cavab verən yeni tibb müəssisəsinin tikintisi davam etdirilir, sakinlərin keyfiyyətli tibbi xidmətlə təmin olunması üçün geniş imkanlar yaradılır.

"Unikal" xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının inşasıdır. Xəstəxananın təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Təxminən 5 hektar ərazini əhatə edən tibb müəssisəsində terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan əlavə, xəstəxanada poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, eləcə də klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpuslarının, təcili tibbi yardım stansiyasının, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər yardımçı binaların tikintisi davam etdirilir.

Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyətində şöbə müdiri Cabir Muradov bildirib ki, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası 4,6 hektar ərazidə inşa edilir. Əsas xəstəxana binası ilə yanaşı, xəstəxananın şöbələri olan yoluxucu xəstəliklər korpusu, hemodializ korpusu, həmçinin müstəqil fəaliyyət göstərəcək digər tibb müəssisələri də tikilir. Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, eləcə də Təcili Tibbi Yardım Stansiyasının binaları da inşa olunur.

Xəstəxananın təməli Prezident tərəfindən 2021-ci ildə qoyulub, 2024-cü ildən isə tikinti işlərinə başlanılıb. 2027-ci ilin sonuna kompleksin tam şəkildə tamamlanması, 2028-ci ildə isə tibbi xidmətin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.