Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) birgə təşkilatçılığı ilə magistr və bakalavr tələbələri üçün “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda XI Respublika elmi-praktiki konfransı keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və ATMU-nun yaradılmasının 20 illiyinə həsr olunub.
Konfransın açılışında çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbirin əhəmiyyətindən danışıb. Daha sonra onlayn formada tədbirə qoşulan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov bildirib ki, belə konfranslar gənclərin elmi potensialının inkişafı, turizm sahəsində yeni ideyaların formalaşması və universitetlərarası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, həmçinin qeyd edib ki, Azərbaycanda turizmin inkişafında Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün də uğurla davam etdirilir.
Qeyd olunub ki, tədbir magistr və bakalavr tələbələrinin elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, analitik düşüncə qabiliyyətinin formalaşdırılması və gənclərin elmi araşdırmalara marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Tədbirin tələbələr üçün öz elmi nəticələrini təqdim etmək, akademik müzakirələrdə iştirak etmək və mütəxəssislərin rəy və tövsiyələrini əldə etmək baxımından geniş imkanlar yaratdığı diqqətə çatdırılıb.
Konfrans Naxçıvan və Qarabağda turizmin inkişaf perspektivləri, Azərbaycanın turizm destinasiyaları, turizmin iqtisadiyyatı və idarəedilməsi, turizmdə nəqliyyat xidmətləri, marketinq, dillərin rolu, eləcə də Azərbaycanda qonaqpərvərlik və qida sənayesinin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətlərini əhatə edib.
Konfransda ATMU-nun “Turizm işi” kafedrasının müdiri Hafiz Hüseynov və baş müəllim Çinarə İmamverdiyeva də iştirak ediblər.
Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər ali məktəbləri təmsil edən 100-dən çox gənc tədqiqatçı iştirak edib.
Qeyd olunub ki, bu cür tədbirlər universitetlərarası əməkdaşlığın genişlənməsinə, elmi əlaqələrin möhkəmləndirilməsinə və Azərbaycan turizminin gələcək inkişafına mühüm töhfə verir.














































.jpeg)


