Nigeriyada zoonotik xəstəlik olan "Lassa" qızdırmasından ölənlərin sayı ilin əvvəlindən bəri 190-a çatıb.

"Unikal" xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi epidemiyanın müxtəlif ştatlarda yayılmağa davam etdiyini açıqlayıb.

Səlahiyyətlilər xəstəlikdən ölüm nisbətinin ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 faizdən 25,2 faizə yüksəldiyini bildiriblər. Yeni yoluxma hallarının sayında azalma olsa da, səhiyyə işçiləri arasında yoluxma halları müşahidə olunur. 

Siçovul nəcisi ilə təmas yolu ilə ötürülən və insandan insana yayılan "Lassa" qızdırması ölümcül hemorragik qızdırmaya səbəb ola bilər. Hakimiyyət orqanları vətəndaşları gəmiricilərlə təmasdan çəkinməyə çağırıb.